Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiya ödənişlərinə yaxın günlərdə başlayacaq.
Bu barədə AKİA-nın dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov "İki sahil"ə məlumat verib. Onun sözlərinə görə, subsidiyalar ilkin mərhələdə torpaq sahələri monitorinqə düşməyən, həmçinin sığorta və torpaq analizi predmeti olmayan fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etdikləri bəyanlar əsasında ödəniləcək. Eyni zamanda, monitorinq prosesindən uğurla keçən, aqrokimyəvi analizlər aparan, sığorta müqaviləsi bağlayan və torpaq sənədləri çıxarış olan fermerlər subsidiya vəsaitlərini daha tez əldə edə biləcəklər.
Rəşad Fəttahov bildirib ki, cari dövrdə təxminən 899 min hektar ərazidə əkin işləri aparılıb. 288 mindən çox fermer tərəfindən EKTİS-ə 639 minə yaxın bəyan daxil edilib. Hazırda bəyanların və torpaq sənədlərinin yoxlanılması, eləcə də bölgələr üzrə sahələrin monitorinqi prosesi sürətlə davam etdirilir. Fermerlərin siyahısı formalaşdırıldıqdan sonra subsidiya ödənişləri həyata keçiriləcək.
Qeyd edək ki, subsidiya vəsaitləri fermer kartlarına köçürülür. Fermerlər vəsaitin 25 faizini nağd şəkildə istifadə edə, 75 faizini isə qeyri-nağd qaydada kənd təsərrüfatı istehsal vasitələrinin - mineral gübrə, pestisid, biohumus, herbisid və toxumların alınmasına yönəldə bilərlər. Subsidiyalar, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınması və quraşdırılmasına da sərf oluna bilər.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib