10 fevral 2026 11:50
164

Azərbaycanda icbari sığorta bazarı böyük potensiala malikdir

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə hesabatını media nümayəndələri üçün təqdim edib.

“İki sahil” xəbər verir ki,  tədbirdə ötən il həyata keçirilmiş layihələr, yeni istifadəyə verilmiş elektron xidmətlər, eləcə də İSB-nin yenilənmiş internet səhifəsi ilə bağlı təqdimatlar baş tutub.

Tədbirin açılışında İSB-nin İcraçı direktoru Vüsal Məsiyev, media nümayəndələrini salamlayaraq, icbari sığorta sahəsində maarifləndirmə işlərinin genişləndirilməsində medianın mühüm tərəfdaş olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanda icbari sığorta bazarı böyük potensiala malikdir və bu potensialın reallaşdırılması istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Qeyd olunub ki, İSB-nin əsas məqsədi icbari sığorta sisteminin sabitliyinin təmin edilməsi, sığorta olunanların və üçüncü şəxslərin maraqlarının qorunmasıdır. Son illərdə bu sahədə texniki və institusional islahatlar aparılıb, kadr potensialı gücləndirilib, həmçinin ictimaiyyətin sığorta savadlılığının artırılması istiqamətində mühüm addımlar atılıb. Vüsal Məsiyev əlavə edib ki, növbəti dövrdə innovativ yanaşmalar və müştəri məmnuniyyətinə əsaslanan dəyişikliklərlə sığorta sektorunda yeni tətbiqlər həyata keçiriləcək.

Daha sonra İSB-nin Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə illik hesabatla çıxış edib. O bildirib ki, təqdim olunan strategiya xəritəsi sığorta sektorunun müasir standartlara uyğunlaşdırılmasını və rəqəmsal transformasiyasını hədəfləyən genişmiqyaslı planı əhatə edir. Strategiya innovasiya, dürüstlük və dayanıqlılıq prinsiplərinə əsaslanaraq həm sığortaçıların, həm də sığorta olunanların maraqlarının ədalətli şəkildə qorunmasını qarşıya məqsəd qoyur.

Qeyd olunub ki, əsas hədəf data əsaslı qərarvermə mexanizmləri və süni intellekt texnologiyalarından istifadə etməklə icbari sığorta sahəsində aparıcı “InsurTech” mərkəzinə çevrilməkdir. Bu çərçivədə vahid məlumat mərkəzinin yaradılması, İT-infrastrukturunun gücləndirilməsi və maliyyə ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi strateji prioritetlər kimi müəyyən olunub. Eyni zamanda, korporativ idarəetmə sistemlərinin yenilənməsi, Azərbaycan Yaşıl Kart Bürosunun fəaliyyətinin genişləndirilməsi və “Kağızsız Büro” konsepti vasitəsilə ekoloji cəhətdən dayanıqlı mühitin formalaşdırılması nəzərdə tutulur.

Tədbir çərçivəsində İSB-nin yenilənmiş internet səhifəsi – www.isb.az  media nümayəndələrinə təqdim edilib. İSB-nin Rəqəmsal həllərin inkişafı departamentinin rəhbəri İslam İsmayılov bildirib ki, saytın yeni dizayn və təkmilləşdirilmiş strukturla istifadəyə verilməsində məqsəd istifadəçilər üçün daha rahat, çevik və funksional platforma yaratmaq, informasiya əlçatanlığını artırmaqdır.

Yenilənmiş veb səhifədə naviqasiya sistemi sadələşdirilib, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və İngilis dillərində istifadə imkanı təmin edilib. İSB-nin informasiya sistemində *“Şəxsi kabinet”*in dizaynı yenilənib və funksionallığı genişləndirilib. Bununla yanaşı, dörd yeni elektron xidmət istifadəyə verilib:

“Bonus-Malus əmsalı üzrə onlayn müraciət”

“Radar cəriməsi üzrə onlayn müraciət”

“Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət”

“Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üçün onlayn müraciət”

Bu xidmətlər sayəsində sığorta prosedurları daha operativ və səmərəli şəkildə həyata keçirilə bilər.

Orxan Vahidoğlu, "İki sahil"