09 fevral 2026 11:45
172

Fevralın 9 və 10-u hansı bayramdır?

Azərbaycanın bütün bölgələrində Novruz qabağı keçirilən mərasimlərdən biri Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram "qışın oğlan çağında", kiçik çillənin onuncu günü, Novruzdan altı həftə qabaq qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevralın 19-na qədər olduğundan Xıdır bayramı bəzi yerlərdə fevralın 9-da və 10-da kiçik çillənin yarı olduğu gündə keçirilir.
 

“İki sahil” xəbər verir ki, bu bayram Naxçıvanda, Şərur rayonunun Aşağı Yaycı kəndində fevralın 5-də qeyd olunur. Çalxanqala, Təzəkənd kəndlərində isə "Xıdır Nəbi" fevralın 14-ü (15-i) Xıdırın anadan olduğu gün bayram edilir.

Xıdır Nəbi günü bəzən həftənin dördüncü gününə təsadüf etdiyindən bunu dinlə əlaqələndirirlər. Naxçıvan şəhərində indi də bayramı kiçik çillənin ikinci cümə axşamında qeyd edirlər. Ancaq Xıdır Nəbi bayramının dinlə heç bir əlaqəsi yoxdur. Bayram çətinlikdə insanların dadına, köməyinə çatan istilik hamisi olan Xıdırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, islamdan öncə formalaşmış əski türk inancıdır. Bir qayda olaraq fevral ayının 9-da keçirilməlidir.
Naxçıvan bölgəsində bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir.
Digər türk xalqlarında da bu bayram qeyd edilir. Anadolu türklərində bayram Hıdır-Ellez adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İqdır bölgəsində isə Xıdır Nəbi bayramı, Anadolunun digər ərazilərindən fərqli olaraq, may ayının 6-da yox, Naxçıvanda olduğu kimi, fevral ayında qeyd edilir. Axıska türkləri arasında da Xıdır Nəbi bayramı fevral ayında keçirilir. Hər il yanvar ayının son həftəsi ilə fevral ayının ilk həftəsi arasında Xıdır bayramı keçirilir. Burada mövcud olan inanca görə, Xıdır darda qalan, sıxıntıda olan insanlara yardım edən ulu bir varlıqdır. Bu həftə üç gün oruc tutulur.

"Xıdır Nəbi"də keçirilənlər Orta Asiya mədəniyyəti (şamanizmi), əski Anadolu mədəniyyəti (bolluq, bərəkətlik ayinləri, ölümsüzlük), İslam mədəniyyəti (Xızır İlyas motivi) Azərbaycan mədəniyyəti (çətinlikdən qurtarmaq, günəşi çağırmaq) və s. birləşməsindən yaranan bir şənlik törənidir.