07 fevral 2026 23:28
113

Netanyahu Trampla görüşəcək

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.

Bildirilib ki, Netanyahu və ABŞ Prezidenti Donald Tramp fevralın 11-də Vaşinqtonda Amerika-İran danışıqlarını müzakirə edəcəklər.

"Baş nazir hesab edir ki, istənilən danışıqlara mütləq ballistik raketlərin məhdudlaşdırılması və İranın maşalarına dəstəyin dayandırılması mövzuları daxil edilməlidir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, İran və ABŞ cümə günü Omanın paytaxtı Maskatda Tehranın nüvə proqramı ətrafındakı böhranın həlli məsələsi üzrə danışıqları bərpa edib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib. Oman xarici işlər naziri Badr əl-Busaidinin sözlərinə görə, Tehran və Vaşinqton nümayəndə heyətləri Maskatda İranın nüvə proqramı üzrə çox ciddi məsləhətləşmələr aparıblar və dialoqu davam etdirmək niyyətindədirlər.