06 fevral 2026 08:14
110

ÜST rəhbəri uşaqları qorumaq üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinə çağırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İspaniyanın Baş naziri Pedro Sançesin gəncləri sosial şəbəkələrin "zəhərli kainatı"ndan qorumaq ideyasını dəstəkləyib və onlar üçün yaş məhdudiyyətlərinin tətbiq edilməsinə çağırıb.

“İki sahil” xəbər verir ki,  ÜST-ün baş direktoru bunu "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Platformalar uşaqların təhlükəsizliyini və sağlamlığını qoruyan formada hazırlanmalı və işləməlidir", - ÜST rəhbəri sosial şəbəkədə yazıb. O, əlavə edib ki, bu, digər məsələlərlə yanaşı, real yaş məhdudiyyətlərinin tətbiq olunmasını tələb edir.

Qebreyesus İspaniya Baş naziri ilə razılaşıb və əlavə edib ki, sosial medianın tənzimlənməsi və hesabatlılığı böyük əhəmiyyət kəsb edir. ÜST rəhbərinin sözlərinə görə, faktlar göstərir ki, uşaqlara dəyən zərər təkcə sosial mediadan istifadə ilə deyil, həm də onların necə dizayn edilməsi ilə bağlıdır. Bu baxımdan, o, həmçinin sosial medianın zərərli və asılılıq yaradan dizaynı ilə mübarizə aparmağa və onları müstəqil nəzarətə tabe etməyə çağırıb.