05 fevral 2026 15:01
150

Albaniyada TikTok-un bloklanması ləğv edilib

Albaniya hakimiyyəti mart 2025-ci ildə ölkədə bloklanmış TikTok sosial şəbəkəsinin fəaliyyətinə qoyulan qadağanı ləğv edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Albanian Daily News nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hökumət Çin şirkəti ilə razılığa gəlib.

Albaniya hakimiyyəti TikTok-u 14 yaşlı yeniyetmənin sosial şəbəkədə başlayan mübahisə nəticəsində qətlə yetirilməsindən sonra bloklamışdı. Hökumətin fikrincə, TikTok administrasiyası xüsusilə yeniyetmələr arasında zorakılığın və təzyiqin yayılmasına şərait yaradır.

Sosial şəbəkəyə qoyulan qadağa bir il müddətində qüvvədə olmalı idi. Lakin Albaniyanın Baş naziri bildirib ki, hər iki tərəf “pozitiv dialoq” qurmağa nail olub və uşaqların qorunmasının gücləndirilməsi üzrə tədbirlər barədə razılığa gəlib. Razılığa əsasən, TikTok azyaşlıların qorunması üçün məzmun filtrlərindən istifadə edəcək. Hazırda razılaşmanın detalları açıqlanmır.