05 fevral 2026 11:54
288

Azərbaycanda əlillik təyinatlarında süni intellektdən istifadə ediləcək

Pensiya təyinatı, yenidən hesablanması, tutulmaların avtomatlaşdırılması və digər sosial sığorta xidmətləri üzrə bir sıra yeni elektron funksiyalar tətbiq olunub. Bu dəyişikliklər xidmətlərin icra müddətini əhəmiyyətli dərəcədə azaldıb.

“İki sahil” xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov bəyan edib. Direktor cari ildə xidmətlərin təkmilləşdirilməsində mühüm üstünlüyün süni intellekt (Sİ) əsaslı həllərə veriləcəyini də diqqətə çatdırıb:

"Xüsusilə, əlillik təyinatlarında Sİ həlləri sınaqdan keçirilib və cari ildə bundan istifadə ediləcək. Hazırda əlillik qrupunun avtomatik təyin edilməsi 90 %-dək ehtimalla doğru nəticə verir. Vətəndaşlardan daxil olan bütün müraciətlər vahid mərkəzdən qəbul ediləcək və mərkəzləşdirilmiş şəkildə “Omnichannel” yanaşması əsasında idarə olunacaq".

K.Əkpərov qeyd edib ki, süni intellektin tətbiq edilməsi həkimlərə dəstək məqsədi daşıyır.