04 fevral 2026 23:50
110

Zelenski: Yaxın vaxtlarda Rusiya ilə əsir mübadiləsi gözlənilir

Ukrayna yaxın vaxtlarda Rusiya ilə növbəti əsir mübadiləsini gözləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Kiyev, Moskva və Vaşinqton arasında Əbu-Dabidə keçirilən danışıqların 2-ci raundunun ilkin nəticələrinə dair hesabata əsasən, özünün "Telegram" kanalında məlumat yayıb.

"Bu gün keçirilən görüşlərdən sonra nümayəndə heyətimizin hesabatı oldu. Həmçinin komandanın Amerika tərəfi ilə təmasları baş tutdu. Rüstəm Umerov, Kirill Budanov və David Araxamiya məruzə etdilər. Biz bu gün keçirilən danışıqların aralıq nəticələrini müzakirə etdik. Sabah davam edəcəklər. Həmçinin vacib bir addım olacaq: yaxın vaxtlarda hərbi əsirlərin mübadiləsini gözləyirik. Əsirləri evə qaytarmaq lazımdır", - deyə o yazıb.

Zelenski Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün real addımların zəruriliyini növbəti dəfə vurğulayıb:

"Məhz Rusiya buna hazır olmalıdır. Tərəfdaşlar da öz real təhlükəsizlik zəmanətləri və təcavüzkara real təzyiqləri ilə bunu təmin etməyə hazır olmalıdırlar. Eləcə də Ukrayna xalqı hiss etməlidir ki, vəziyyət, həqiqətən, sülhə və müharibənin bitməsinə doğru gedir, rusların hər şeyi öz xeyirlərinə istifadə edib zərbələri davam etdirməsinə yox".