Fevralın 4-də “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mənzil-qərargahında Baş katib Ramil Həsənlə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş zamanı tərəflər gələcək ikitərəfli əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Hüseyin Büyükfırat TÜRKPA-nın mövcud imkanlarının parlament diplomatiyasının inkişafına, qanunvericilik orqanları arasında əlaqələrin möhkəmləndirilməsinə, habelə iqtisadi və ticarət münasibətlərinin gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, qardaş ölkələrdə ortaq qərarların və qanunvericilik aktlarının qəbulunda TÜRKPA-nın əhəmiyyətli rol oynayacağına dair böyük ümidlər bəslədiyini qeyd edib.
TÜRKPA-nın Baş katibi Ramil Həsən Türk Dövlətləri arasında bir sıra qardaş qurumların, o cümlədən Türk Dövlətləri İnvestisiya Fondunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Baş katib qanunvericilik sahəsində ortaq və model qanunların qəbulu və tətbiqinin, eləcə də parlament siyasətinin TÜRKPA-nın qardaş ölkələr arasında iqtisadi, ticarət və siyasi münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda Ramil Həsən iş dünyası ilə bağlı müxtəlif təşkilatların təşəbbüsü ilə hazırlanacaq irimiqyaslı layihələrin Türk Dövlətləri İnvestisiya Fondu tərəfindən maliyyələşdirilməsi imkanlarına da toxunub.
Görüş zamanı gələcəkdə TÜRKPA ilə TÜİB arasında əlaqələrin daha da gücləndirilməsi və bu istiqamətdə aktiv fəaliyyət göstərilməsi qərara alınıb.