Tailand-Kamboca Regional Sərhəd Komitəsinin Trat əyalətində keçirilən xüsusi iclası nəticəsiz başa çatıb.
“İki sahil” "The Nation"a istinadən xəbər verir ki, bu barədə Tailand Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Fevralın 3-5-də Ban Hat Lek daimi sərhəd məntəqəsində keçirilməsi nəzərdə tutulan görüş fevralın 4-də birgə yekun sənəd qəbul edilmədən başa çatıb.
Qeyd olunub ki, danışıqlar sərhədboyu təhlükəsizliyin təmin edilməsi üçün əlaqə kanallarının saxlanılmasına, gərginliyin azaldılmasına və davamlı atəşkəs rejiminə riayət olunmasına yönəlmişdi. Danışıqların gedişini Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) müşahidəçilər qrupunun nümayəndələri izləyiblər.
Nəşrin məlumatına görə, müzakirələr zamanı Kamboca tərəfi sərhədin demarkasiyası ilə bağlı bir sıra yanaşmalar və məsələlər irəli sürüb. Tailand bəyan edib ki, bu təkliflər çərçivədən kənara çıxır və Baş Sərhəd Komitəsinin 27 dekabr 2025-ci il tarixli birgə bəyanatının mahiyyətinə ziddir, bu da həmin məsələlər üzrə konsensusun əldə olunmasını qeyri-mümkün edir.
Buna baxmayaraq, Tailand tərəfi dinc nizamlanmaya sadiq olduğunu və əvvəllər əldə edilmiş razılaşmalara ciddi riayət olunması şərti ilə gələcək danışıqlara hazır olduğunu bildirib.
Xatırladaq ki, Kamboca və Tailand iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasının yekunlarına əsasən, 2025-ci il dekabrın 27-də atəşkəs barədə razılığa gəliblər.