04 fevral 2026 18:25
170

Masallıda narkomaniya və qanunsuz narkotik dövriyyəsinə qarşı maarifləndirici tədbir keçirilib

Masallı şəhəri Texniki-riyaziyyat təmayüllü "Dəfinə" liseyində 3 fevral 2026-cı ildə Masallı rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və Təhsil sektoru, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı, şagirdlər və valideynlərin iştirakı ilə narkomaniya və qanunsuz narkotik dövriyyəsinə qarşı maarifləndirici tədbir keçirilib.

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynovun, İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadənin , aparatın Ərazi-təşkilat məsələləri sektorunun böyük məsləhətçisi Sənan Sadıqovun, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul əməkdaşı Vasif Quliyevin , Təhsil Sektorunun müdiri Elman Rzayevin, məktəbin direktor müavini Əhməd Məmmədovun, eləcə digər məsul şəxslərin qatıldığı tədbiri Rayon İcra Hakimiyyətinin birinci müavini T. Hüseynov açıb, iştirakçıları salamlayıb, ulu öndər Heydər Əliyev və şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

Natiq tərəfindən bu cür tədbirlərin rayon İcra Hakimiyyəti, Polis şöbəsi, Təhsil sektoru tərəfindən mütəmadi olaraq təşkilinin vacibliyi bildirilib.
Sonra söz Narkomaniya və Qanunsuz Dövriyyəyə qarşı Mübarizə Dövlət Komissiyasının məsul əməkdaşı Vasif Quliyev verilib. O çıxışında deyib:- Son illərdə narkotik istifadəsinin yaş həddi azalaraq 14 yaşlılara çatıb, 2025-ci ildə 14 yaşlı 9 nəfər rəsmi qeydiyyata alınıb. Respublika üzrə narkotikdən əziyyət çəkən şəxslərin rəsmi sayı 40 mindən artıqdır. Hüquq-mühafizə orqanları tərəfindən hər il təqribən 5 tondan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılır. Hazırda sosial şəbəkələr, ətraf mühit və dost çevrəsi gənclər üçün əsas risk faktorlarıdır. Ən acınacaqlı vəziyyət odur ki, qızlar arasında da narkotik istifadəçiləri vardır. Məhz buna görə də bu sahədə ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyəti ən vacib məsələdir. Gənclərin təhlükəli vərdişlərdən qorunması üçün valideynlərin rolu böyükdür. Uşaqların kimlərlə ünsiyyətdə olduğu, hansı mühitdə vaxt keçirdiyi valideyn nəzarətində olmalıdır.

Gənclərin təhlükəsizliyi və sağlam inkişafı üçün məktəblərdə mütəmadi maarifləndirmə tədbirlərin əhəmiyyətindən danışan Masallı Təhsil Sektorunun müdiri Elman Rzayev onu da vurğulayıb ki, uşaqların davranışlarını formalaşdırmaqda müəllim və valideyn məsuliyyəti böyükdür. Sosial şəbəkələrin və texnologiyanın nəzarətsiz istifadəsi riskləri artırır; valideynlər övladlarının kimlərlə ünsiyyət qurduğunu və hansı mühitdə vaxt keçirdiyini yaxından izləməlidir. Valideynlər tərəfindən qoyulan sərhədlər və düzgün nəzarət uşaqların riskli davranışlardan qorunmasına yardımçı olur. Məktəblərdə həyata keçirilən maarifləndirmə tədbirləri, valideynlərlə aparılan diskussiyalar gənclərin sağlam inkişafı üçün vacibdir. Hamı bilməlidir ki, məktəb, ailə və cəmiyyətin birgə fəaliyyəti olmadan narkomaniyanın yayılmasının qarşısını almaq çətindir.
Məktəbin direktor müavini Əhməd Məmmədov isə çıxışında vurğulayın ki, bu sahəni qaydaya salmaqdan ötrü yalnız məktəbdə keçirilən tədbirlər kifayət deyil. Müəllimlərin və valideynlərin birgə əməkdaşlığı ilə uşaqlara düzgün tərbiyə vermək və sərhəd müəyyən etmək vacib məsələdir. Düzgün fikirdir ki, sosial şəbəkələr və texnologiyanın nəzarətsiz istifadəsi də bu sahədə risk faktoru sayıla bilər.
Daha sonra tədbir iştirakçıları fikirlərini bölüşüblər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü