04 fevral 2026 15:00
176

“Sahibkarlıqda Qadın Enerjisi” - QADINLARIN İDEYALARINA DƏSTƏK PROQRAMINDA İKİNCİ MƏRHƏLƏ

“SOCAR Türkiyə” ilə Türkiyə Sahibkarlıq Fondu (GİRVAK) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Sahibkarlıqda Qadın Enerjisi” Proqramının ikinci mərhələsinə start verilir. İzmirin Aliağa rayonunda yaşayan, nə təhsildə, nə də məşğulluqda iştirak etməyən qadınların qatıla biləcəyi proqram üzrə müraciətlərin qəbulu 27 fevral 2026-cı il tarixində başa çatacaq.

Qadınların ideyalarını təşəbbüslərinə çevirmələrinə dəstək

Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə” ilə sahibkarlıq sahəsində maneələrin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən Türkiyə Sahibkarlıq Fondu (GİRVAK) arasında əməkdaşlıq çərçivəsində ötən il ilk dəfə həyata keçirilən “Sahibkarlıqda Qadın Enerjisi” Proqramının bu il yeni mərhələsinə başlanılır. “SOCAR Türkiyə”nin sponsorluğu ilə reallaşdırılan proqram Aliağa rayonunda yaşayan, nə təhsildə, nə də məşğulluqda iştirak etməyən qadınların ideyalarını sahibkarlıq təşəbbüslərinə çevirmələrinə dəstək verməyi hədəfləyir.

Qeyd edək ki, ötən il ilk dəfə tətbiq olunan proqram Aliağada yaşayan 335 müraciətçi arasından seçilmiş 50 qadının iştirakı ilə uğurla yekunlaşıb. Səkkiz ay ərzində iştirakçılar sahibkarlıq, maliyyə savadlılığı, rəqəmsal bacarıqlar və peşəkar inkişaf mövzuları üzrə ümumilikdə 40 saatlıq təlim və mentorluq dəstəyi alıblar. Əldə etdikləri biliklər əsasında konkret biznes ideyaları formalaşdıran qadınlar üçün proqram təkcə tədris prosesi deyil, eyni zamanda qadın həmrəyliyini gücləndirən, özünəinamı artıran və uzunmüddətli təsir yaradan bir güclənmə modeli kimi dəyərləndirilib.

Müraciətlər 27 fevraladək qəbul ediləcək

Seçim mərhələsindən keçəcək 50 qadın səkkiz ay davam edəcək təlim və mentorluq prosesi vasitəsilə sahibkarlıq ekosisteminə cəlb olunacaq. Qadın potensialının inkişafını əsas məqsəd kimi qarşıya qoyan proqram çərçivəsində iştirakçılara sahibkarlıqdan maliyyə savadlılığına, rəqəmsal bacarıqlardan ictimai həmrəyliyə qədər müxtəlif sahələr üzrə təlimlər keçiriləcək.

İzmirin Aliağa rayonunda yaşayan və ideyalarını biznes təşəbbüsünə çevirmək istəyən qadınlar 27 fevral 2026-cı il tarixinədək www.socar.com.tr/girisimdekadinenerjisi ünvanı vasitəsilə müraciət edə bilərlər.

Orxan Vahidoğlu, “İki sahil”