04 fevral 2026 00:49
115

Nizamsız yuxu ürək sağlamlığına təsir edir

Yeni elmi araşdırma gecə saatlarına qədər oyaq qalmağın, yəni “gecə quşu” adlandırılan həyat tərzinin sağlamlığa mənfi təsir göstərdiyini ortaya qoyub. İnsan orqanizminin əsas bioloji mexanizmi olan sirkadian ritm təkcə yuxu rejimini deyil, eyni zamanda, ürək döyüntüsünü, qan təzyiqini, stress hormonlarını və maddələr mübadiləsini tənzimləyir.

“Science Alert” saytının məlumatına görə, tədqiqatçılar hər bir insanın bioloji ritminin fərqli olduğunu qeyd etsələr də, gecə saatlarında fiziki və zehni baxımdan daha aktiv olan şəxslərin erkən oyananlara nisbətən daha yüksək sağlamlıq riski daşıdığını bildiriblər. Araşdırma Böyük Britaniyada yerləşən “UK Biobank” məlumat bazasına əsaslanıb. 300 mindən çox yetkin insanın 14 il ərzində izlənildiyi tədqiqatın nəticəsində məlum olub ki, “gecə quşu” olan şəxslərin cəmiyyətin orta göstəricisi ilə müqayisədə ilk dəfə infarkt və ya insult keçirmə riski 16 faiz daha yüksəkdir.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, davamlı gec yatmaq vərdişi ürək-damar sağlamlığı üçün ciddi təhlükə yarada bilər və bioloji saatla uyğun həyat tərzi sağlamlığın qorunmasında əsas amillərdən biridir.

Şahnigar Əhmədova, “İki sahil”