03 fevral 2026 13:59
205

YAP Mərkəzi Aparatında partiyanın İdarə Heyətinin üzvü Pərvin Kərimzadənin 50 illik yubileyi münasibətilə görüş keçirilib - FOTO

Fevralın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin  Kərimzadənin 50 illik yubileyi münasibətilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Pərvin Kərimzadə ölkəmizin ictimai-siyasi həyatında hər zaman fəal mövqeyi ilə seçilmiş və çoxillik elmi-pedaqoji fəaliyyətiylə gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə mühüm töhfələr vermişdir: “Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür və İdarə Heyətimizin üzvü, Azərbaycan Respublikası Milli Məclisində partiyamızı təmsil edən deputat kimi milli-mənəvi dəyərlərin və dövlət maraqlarının qorunması istiqamətində şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Pərvin Kərimzadə Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını, ölkəmizin tərəqqi və Zəfər zirvəsinə yüksələrək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. O, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyəcəyini diqqətə çatdırıb.