Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın təşəbbüsü əsasında Milli Məclis ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında qurulmuş əməkdaşlıq çərçivəsində ölkənin müxtəlif regionlarında vətəndaşlar üçün ödənişsiz hüquqi məsləhət və yardım aksiyaları təşkil olunur.
“İki sahil” xəbər verir ki, bu nəcib təşəbbüsə Milli Məclisin deputatı Mehriban Vəliyeva da qoşularaq Sumqayıt Regional Vəkillər Bürosunun dəstəyi ilə Sumqayıt şəhərində pulsuz hüquqi yardım aksiyası təşkil edib.
Aksiya Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının qərargahında keçirilib.
Tədbir çərçivəsində deputat Mehriban Vəliyeva və Sumqayıt Regional Vəkillər Bürosunun direktoru Anar Qasımlı hüquqi yardım almaq üçün müraciət edən vətəndaşlarla görüşərək aksiyanın məqsədi və mahiyyəti barədə ətraflı məlumat veriblər.
Deputat Mehriban Vəliyeva çıxışında bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq bölgələrdə şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə hüquqi dəstəyin göstərilməsi dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyəti var və bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır.
Daha sonra Sumqayıt Regional Vəkillər Bürosunun peşəkar vəkilləri – Səadət Vəliyeva, Gülnur Qasımlı, Tural Məmmədov və Rüstəm Xələfli tərəfindən vətəndaşlar qəbul edilərək onlara ödənişsiz hüquqi yardım göstərilib.
Aksiya zamanı vətəndaşlara hüquqi məsələlərlə bağlı şifahi məsləhətlər verilib, müxtəlif dövlət və digər qurumlara ünvanlanmış yazılı müraciətlər və iddia ərizələri hazırlanıb, eləcə də digər pulsuz hüquqi xidmətlər təqdim olunub.
Qeyd edək ki, aksiya çərçivəsində 20-dən artıq vətəndaş pulsuz hüquqi yardımdan yararlanıb.
Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM