“Mən düşünmürəm ki, “pley-off”a vəsiqə qazanılıb-qazanılmaması transfer bazarı ilə birbaşa əlaqəlidir. “Benfika” yay transfer pəncərəsində artıq işini görüb, indi isə mövsümün qalan hissəsi üçün heyəti balanslı şəkildə gücləndirməyə çalışır”.
“İki sahil” xəbər verir ki, bu sözləri “Benfika”nın (Portuqaliya) baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 8-ci turunda “Real”a qarşı keçiriləcək oyunla bağlı təşkil edilən mətbuat konfransında deyib.
O, komandasının “pley-off”a çıxma şansını çətinləşdirən səbəblər barədə danışarkən özünün “Benfika”ya gələnə qədər “Qarabağ”a məğlubiyyəti göstərib:
“Əsas problem qalib gəlməli olduğumuz bir oyunda uduzmağımız oldu — “Luş” stadionunda “Qarabağ”a qarşı 2:3 hesablı məğlubiyyət. Həmin oyunu udsaydıq, hazırda 9 xalla çox güman ki, vəsiqəyə cəmi bir xal məsafədə olardıq.
Bununla yanaşı, itirdiyimiz başqa oyunlar da var. Xüsusilə evdə “Bayer Leverkuzen”ə qarşı məğlubiyyət tamamilə ədalətsiz və oyunun gedişinə uyğun olmayan nəticə idi. Amma nə olursa-olsun, bu da məğlubiyyətdir və yekun vəsiqə taleyinə təsir göstərir”.
Qeyd edək ki, hazırda “Benfika” 7 oyundan 6 xalla ÇL-də 29-cu yeri tutur.