Bu fikirlər “SOCAR Türkiyə”nin Korporativ xidmətlər üzrə layihə üzrə mütəxəssisi Beyza Gökün “Enerjimiz Bir” jurnalında dərc olunan məqaləsində yer alıb.
Bu model getdikcə aktuallığını itirir və...
Onun sözlərinə görə, süni intellekt texnologiyalarının geniş tətbiqi və məsafədən iş modelinin normaya çevrilməsi düşüncə liderliyinin ənənəvi əsaslarını zəiflədib: “Uzun illər dominant olan ekspertliyə əsaslanan, iyerarxik liderlik modelləri getdikcə aktuallığını itirir. Onların yerini sərhədləri aşan, sektorlararası əməkdaşlığa və icma iştirakına əsaslanan daha çevik təsir mexanizmləri tutur. Bu isə liderlərin rəqəmsal məkanda mövqelərini qorumaq və təsir dairələrini genişləndirmək üçün yeni yanaşmalar formalaşdırmasını zəruri edir.”

Beyza Gök məqaləsində qeyd edib ki, əvvəlki dövrlərdə düşüncə liderliyi əsasən korporativ status, akademik titul və məhdud kommunikasiya kanalları ilə səciyyələnirdi: “Hazırkı mərhələdə isə liderliyin əsas meyarı informasiyanın necə təqdim olunması və hansı dəyəri yaratmasıdır. Gələcəyin düşüncə liderləri müxtəlif sahələr arasında əlaqə quran, mürəkkəb məlumatları sadə və anlaşılan formada ictimaiyyətə çatdıran şəxslər kimi formalaşır. Bu kontekstdə liderlər təkcə bilik mənbəyi deyil, eyni zamanda informasiya bolluğu şəraitində düzgün seçimi və mənalı sintezi təmin edən “bilik kuratorları” rolunu oynayırlar.”
Süni intellekt həm yeni imkandır, həm də ciddi çağırış
Mütəxəssis hesab edir ki, süni intellekt düşüncə liderliyi üçün yeni imkanlarla yanaşı, ciddi çağırışlar da yaradır: “Texnologiya tədqiqat və məzmun istehsalı proseslərini sürətləndirsə də, səthi yanaşmaların və standartlaşdırılmış biliklərin geniş yayılması riskini artırır. Bu şəraitdə liderləri fərqləndirən əsas amil etik məsuliyyət və tənqidi düşünmə qabiliyyətidir. Süni intellekti köməkçi alət kimi istifadə edən, lakin qərarvermə və analitik mühakimədə insan zəkasını əsas götürən liderlər strateji üstünlük əldə edirlər. Müasir mərhələdə icma əsaslı düşüncə liderliyi dayanıqlı təsirin əsas istiqamətlərindən biri kimi çıxış edir. Artıq birtərəfli məlumat ötürülməsi ilə məhdudlaşan modellər aktuallığını itirir. Onların yerini ideyaların qarşılıqlı dialoq, praktik təcrübə və kollektiv iştirak əsasında formalaşdığı açıq ekosistemlər tutur. Bu yanaşma çərçivəsində uğur yalnız auditoriya göstəriciləri ilə deyil, yaranan müzakirələrin məzmunu və icmaların ortaya qoyduğu real nəticələrlə ölçülür.”
“SOCAR Türkiyə”nin əməkdaşı bu qənaətdədir ki, gələcəyin düşüncə liderliyi şəxsi imic və ya populyarlıq üzərində deyil, real dəyər yaradılması prinsipi üzərində qurulacaq: “Müasir auditoriya saxta və səthi ekspertliyi asanlıqla ayırd edə bilir. Bu baxımdan uzunmüddətli təsirə nail olmaq istəyən liderlər bilik istehsalına töhfə verən, aktual problemlərə praktik həllər təklif edən və bunu fərdi deyil, kollektiv yanaşma əsasında həyata keçirən şəxslər olacaq. Texnologiyadan səmərəli istifadə etməklə yanaşı, insan zəkanını, etik dəyərləri və dialoqu mərkəzə alan fərdlər və qurumlar yeni dövrün aparıcı təsir qüvvələrinə çevriləcək.”
Orxan Vahidoğlu, "İki sahil"