22 yanvar 2026 22:11
129

Mədəniyyət sahəsində uzunmüddətli inkişaf modelini formalaşdıran konsepsiya

Milli Məclisin deputatı: Azad edilmiş ərazilərdə mədəni həyatın bərpası və yeni mədəni infrastrukturun yaradılması konsepsiyanın xüsusi əhəmiyyət kəsb edən istiqamətlərindən biridir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin belə bir  Sərəncam imzalaması ölkənin strateji inkişaf xəttində mədəniyyətin xüsusi yer tutduğunu bir daha nümayiş etdirir: “Bu konsepsiya mədəniyyəti yalnız tarixi irsin qorunması kontekstində deyil, eyni zamanda milli kimliyin möhkəmləndirilməsi, cəmiyyətin intellektual potensialının artırılması və dövlətin beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından əsas prioritetlərdən biri kimi təqdim edir.

Müasir dövrdə mədəniyyət siyasəti qloballaşma, texnoloji inkişaf və sosial transformasiyalar fonunda yeni yanaşmalar tələb edir. “Azərbaycan Mədəniyyəti -2040” Konsepsiyası məhz bu reallıqları nəzərə alaraq mədəniyyət sahəsində uzunmüddətli və sistemli inkişaf modelini formalaşdırmağı hədəfləyir. Sənəddə mədəni irsin qorunması ilə yanaşı, onun müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi, rəqəmsallaşdırılması və geniş ictimaiyyət üçün daha əlçatan olması əsas məqsədlərdən biri kimi ön plana çıxır. Bu yanaşma mədəniyyəti statik deyil, dinamik və cəmiyyətin inkişaf proseslərinə fəal şəkildə inteqrasiya olunmuş sahə olduğunu göstərir”.

Milli Məclisin deputatı daha sonra dedi: “Konsepsiyanın mühüm cəhətlərindən biri milli-mənəvi dəyərlərin qorunması ilə açıq cəmiyyət modelinin uzlaşdırılmasıdır. Azərbaycan mədəniyyəti əsrlər boyu formalaşmış zəngin irsə malik olmaqla yanaşı, daim yenilənən və digər mədəniyyətlərlə qarşılıqlı təsirə açıq olub. Sənəddə bu tarixi ənənənin müasir şəraitdə davam etdirilməsi, milli kimliyin qloballaşma şəraitində qorunaraq gələcək nəsillərə ötürülməsi əsas vəzifələrdən biri kimi dəyərləndirilir. Bu isə dil, ədəbiyyat, musiqi, teatr, kino və digər mədəni sahələrin kompleks şəkildə inkişafını zəruri edir.

“Azərbaycan Mədəniyyəti -2040” Konsepsiyası mədəniyyətin iqtisadi potensialını da diqqət mərkəzində saxlayır. Yaradıcılıq sənayelərinin inkişafı, mədəniyyət sahəsində sahibkarlığın təşviqi və bu sahənin məşğulluq imkanlarının genişləndirilməsi müasir mədəniyyət siyasətinin vacib tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan konsepsiya mədəniyyəti yalnız mənəvi dəyər deyil, həm də sosial-iqtisadi inkişafın mühüm komponenti kimi təqdim edir və insan kapitalının formalaşmasında onun rolunu xüsusi vurğulayır.

Postmünaqişə dövründə azad edilmiş ərazilərdə mədəni həyatın bərpası və yeni mədəni infrastrukturun yaradılması konsepsiyanın xüsusi əhəmiyyət kəsb edən istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəni irsin bərpası, mədəni tədbirlərin təşkili və bu ərazilərin ölkənin mədəni xəritəsində mühüm mərkəzlərdən birinə çevrilməsi ümumi strateji baxışın tərkib hissəsi kimi çıxış edir. Bu yanaşma mədəniyyəti həm də milli birliyin və tarixi ədalətin bərpasının rəmzi kimi təqdim edir.

Nəticə etibarilə, “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyası mədəniyyət sahəsində uzunmüddətli, məqsədyönlü və dövlət maraqlarına uyğun inkişaf strategiyası kimi dəyərləndirilə bilər. Bu sənəd mədəniyyətin təsadüfi təşəbbüslər çərçivəsindən çıxarılaraq planlı və sistemli şəkildə idarə olunmasını təmin etməyi qarşıya məqsəd qoyur. Konsepsiya gələcəyə yönəlik baxışı ilə Azərbaycan mədəniyyətinin milli dəyərlərə söykənən, eyni zamanda, müasir dünyanın çağırışlarına cavab verən inkişaf modelini formalaşdırır və bu baxımdan ölkənin ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi çıxış edir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”