1971-ci ildən, yəni artıq bu il 55-cisi keçirilən Dünya İqtisadi Forumu (DİF) siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir.
Bu il yanvarın 19-da başlanan və ayın 23-dək keçiriləcək Davos Forumunda rekord sayda – 60-dan çox dövlət və hökumət başçısı, müxtəlif ölkələrin 55 iqtisadiyyat və maliyyə naziri, bütövlükdə təxminən 400 yüksək səviyyəli siyasi lider, eləcə də dünyanın bir çox aparıcı şirkətlərinin rəhbərliyində təmsil olunan təxminən 850 sədr və baş icraçı direktor iştirak edir. Elə bu statistika da dünya iqtisadiyyatının və siyasətinin “beyin mərkəzi” hesab olunan Davos İqtisadi Forumunun müasir çağırışların geniş və fəal müzakirə edildiyi ən nüfuzlu platforma olduğunu təsdiq edır.
Son illərdə bu beynəlxalq platformanın ən fəal dövlət başçılarından biri kimi tanınan Prezident İlham Əliyevin iştirak etdiyi DİF-2026 üçün “Dialoq ruhu” mövzusu əsas seçilib və bu müstəvidə aşağıdakı beş mövzu müzakirə edilməkdədir: mübahisəli dünyada əməkdaşlığın təşviqi, yeni iqtisadi artımın təmin edilməsi, insanlara investisiya qoyuluşu, innovasiyanın (xüsusən də süni intellekt və texnologiya) məsuliyyətlə miqyaslandırılması və dünya miqyasında rifahın qurulması, bütün bunlarla yanaşı, dövlət-özəl tərəfdaşlığı vasitəsilə geosiyasi dəyişikliklər, texnoloji pozuntular və iqlim problemləri ilə mübarizə aparılması. Başqa sözlə, hər ilin əvvəlində dünya iqtisadiyyatının və siyasətinin nəbzinin döyündüyü DİF bu il də mühüm geosiyasi müzakirələrlə yadda qalacaq.
Azərbaycan Prezidentinin 2007-ci ildən mütəmadi şəkildə iştirak etdiyi və bu il 18-ci dəfə qatıldığı DİF Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır və bu da öz növbəsində ölkə iqtisadiyyatına xarici investisiyaları cəlb etmə imkanlarını reallaşdırmağa şərait yaradır. Bu imkanlar xüsusilə ayrı-ayrı dövlət və hökumət başçıları, həmçinin bir sıra məşhur şirkətlərin rəhbər şəxsləri ilə görüşlərdə öz real əksini tapır.
Prezident İlham Əliyevin Forum çərçivəsində müsahibə və panel müzakirə zamanı səsləndirdiyi fikirlər isə bir tərəfdən qlobal təhlükəsizlik arxitekturasının böhranını, digər tərəfdən isə Azərbaycanın sülh və humanizm dəyərlərinə sadiqliyini özündə ehtiva edir. Bu baxımdan dövlət başçımız öz çıxış və fikirlərində müasir dünya üçün ən ağrılı problem-məsələlərə toxunmaqla, beynəlxalq hüququn aşınması, beynəlxalq sülhün və humanitar dəyərlərin təşviqi kimi iki məqamı xüsusi vurğulayır.
Müstəqilliyinin təxminən 30 illik tarixi ərzində ərazi bütövlüyünün pozulması kimi çox ciddi problemlə üz-üzə qalan Azərbaycan üçün beynəlxalq hüququn böhranının da elə üç on illik tarixinin olduğu şübhəsizdir. Beynəlxalq hüququn bəzi dövlətlər tərəfindən yalnız öz maraqlarına uyğun gəldikdə xatırlanması, digər hallarda isə görməzdən gəlinməsi, hətta BMT kimi qlobal sülhə cavabdeh olan beynəlxalq təşkilatın funksionallığını itirməsi dünyada sistemli böhrana səbəb olub. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qalmasının şahidi olmuş bir ölkə kimi bu reallığı hamıdan yaxşı bilir. Müasir dünyada hüququn gücünün yerini “güclünün hüququ”nun alması dünya nizamını dərindən sarsıdır. Şübhəsizdir ki, əgər beynəlxalq hüquq hər kəs üçün eyni dərəcədə icbari deyilsə, bu, qlobal xaosun və yeni münaqişələrin yaranmasına zəmin hazırlayır.
Bu baxımdan Prezident İlham Əliyevin Davosda səsləndirdiyi “Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür” fikrini bu gün müasir beynəlxalq münasibətlər sisteminin ən böyük problemi saymaq olar. Dövlət başçısı bu kəskin qlobal reallığı əks etdirən fikirləri ilə yanaşı, Azərbaycanın timsalında vəziyyətdən optimal çıxış yolunu da göstərdi: “…beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”. Bu baxımdan, Azərbaycan Prezidentinin fikirləri təkcə bir nəzəriyyə deyil, həm də real təcrübəyə əsaslanan bir manifest kimi dəyərləndirilməlidir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında bir günlük local antiterror əməliyyatında parlaq qələbə qazanaraq, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın qalib gələn tərəf olmasına baxmayaraq, qarşı tərəfə sülh təklif etməsi ölkəmizin bütün dünyada bird aha sülhpərvər dövlət kimi tanınmasına səbəb oldu. Sözün həqiqi mənasında Cənubi Qafqaza əsl, dayanıqlı və real sülhün gətirilməsinin əsas memarı olan Azərbaycan Prezidentinin məhz bu ərəfədə 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanla Ermənistan arasında davamlı sülhün yaradılmasında Prezident İlham Əliyevin müstəsna töhfəsini nəzərə alaraq, bu mükafatın Azərbaycan liderinə təqdim edilməsini təsadüf hesab etmək olmaz. Prezidentin bu mükafata layiq görülməsini özü üçün “böyük şərəf” adlandırması, Azərbaycanın gələcəkdə də bəşəri dəyərlərə, insan hüquqlarına və qlobal sülhə xidmət siyasətini davam etdirəcəyinə bir zəmanətdir.
“Zayed İnsan Qardaşlığı Mükafatı” Komitəsi də məhz bu qərara gəlib ki, Azərbaycanla Ermənistan arasında 2025-ci il avqustun 8-də ABŞ-da paraflanmış tarixi sülh müqaviləsi mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu baxımdan Mükafatın münsiflər heyətinin üzvləri 2025-ci ildə dünya üzrə bütün sülh modellərinin araşdıraraq, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə vəziyyətində olan digər regionlarda və ölkələr arasında tətbiqi üçün gözəl nümunə kimi qiymətləndirib. Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucu lideri və sabiq prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir.
Bundan başqa, Azərbaycan dünyada multikulturalizm və tolerantlığın əsas mərkəzi kimi tanınır. Dinlər və sivilizasiyalar arasında körpü rolunu oynayan Azərbaycan öz paytaxtı Bakı şəhərini “İnsan qardaşlığı” ideyasını real həyatda tətbiq edən nadir paytaxtlardan birinə çevirib. Prezident İlham Əliyev bu mükafata layiq görülməklə, Azərbaycanın sülhə, tolerantlığa və bəşəri dəyərlərə verdiyi töhfənin dünya tərəfindən yüksək qiymətləndirildiyi faktı bir daha təsdiqlənmiş oldu. Digər tərəfdən, Prezident İlham Əliyevin siyasi kursunun bütövlükdə beynəlxalq münasibətlərə töhfə olan ən mühüm tərəfi mədəniyyətlərarası dialoq və humanitar çağırışlara fəal şəkildə cavab verməkdir. Əslində mükafatın verilməsini elə bu istiqamətdə görülən işlərin beynəlxalq səviyyədə tanınması və Azərbaycanın yumşaq gücünün (“soft power”) təzahürü kimi də qəbul etmək olar.
Beləliklə, Prezident İlham Əliyevin bu günlərdəki Davos mesajları müasir tarixin dərslərindən çıxış edərək gələcəyə konseptual baxış sisteminin detalları kimi bir-birini tamamlayır: bir tərəfdən beynəlxalq hüququn mütləq bərpası və hər kəs üçün bərabər tətbiqi tələb olunur, digər tərəfdən isə dünyanı xilas edəcək yeganə yolun insan qardaşlığı və humanizm olduğu göstərilir. Azərbaycan həm döyüş meydanında öz hüququnu bərpa edən güclü dövlət, həm də beynəlxalq humanitar təşəbbüslərin önündə gedən sülhpərvər tərəfdaş kimi öz mövqeyini qlobal gündəlikdə növbəti dəfə möhkəmləndirir. Azərbaycan bu gün həm güclü ordusu və diplomatiyası ilə hüququnu qoruyan, həm də humanitar addımları ilə dünyanı sülhə dəvət edən unikal bir dövlət nümunəsidir.
Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Sülh və humanizmə xidmətin beynəlxalq təsdiqi - “Zayed İnsan Qardaşlığı Mükafatı”
Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını beynəlxalq müstəvidə uğurla təmin edir
Ölkəmizə qarşı Beynəlxalq Hüquq prinsiplərinin pozulması və ədalətin bərpa edilməsi