22 yanvar 2026 10:35
224

Meymunçiçəyi virusu dəyişir: Alimlər yeni mutasiya dalğasını aşkarladılar

Hindistanda meymunçiçəyi (mpox) virusunun davam edən mutasiyası aşkarlanıb.

“İki sahil” xəbər verir ki, Hindistan alimləri ilk dəfə meymunçiçəyinin (mpox) yeni variantı üzrə dərin genetik tədqiqat apararaq virusda davam edən mutasiya prosesini və insandan insana yoluxma əlamətlərini müəyyən ediblər. Araşdırmanın nəticələri "Virology" jurnalında dərc olunub.

Son dövrlərdə mpox virusunun yeni ştamı, əvvəlcə yalnız Afrikada müşahidə edilməsinə baxmayaraq, qitə xaricində də aşkarlanıb. Xüsusilə "Clade Ib" variantı yayılma baxımından diqqət çəkir. Hindistanın Milli Virusologiya İnstitutunun (ICMR-NIV, Pune) və bir neçə digər laboratoriyanın apardığı araşdırmaya əsasən, 2024-cü ilin sentyabrından 2025-ci ilin martına qədər Keralada mpox virusunun 10 "Clade Ib" halı qeydə alınıb. Bu fakt virusun regional və qlobal səviyyədə nəzarət və monitorinqinin vacibliyini bir daha göstərir.

Alimlərin əldə etdiyi nəticələr virusun aktiv təkamül mərhələsində olduğunu ortaya qoyub. Tədqiqatçılardan biri bildirib: "Araşdırma göstərdi ki, mpox virusu həqiqətən mutasiya edir, çünki biz davamlı insandan insana yoluxmaya işarə edən spesifik mutasiya nümunəsini aşkar etdik".

Qeyd edilib ki, 2025-ci ilin sentyabrında xəstəlik səviyyəsinin azalması fonunda mpox ilə bağlı elan edilmiş təcili vəziyyət ləğv olunub.

Meymunçiçəyi virusu əsasən Afrikanın mərkəzi və qərb bölgələrində, tropik meşələrə yaxın ərazilərdə yayılıb. İnsanlarda ilk yoluxma halı 1970-ci ildə Kongo Demokratik Respublikasında qeydə alınıb.

Mpox ilə bağlı qlobal səhiyyə üzrə fövqəladə vəziyyət ilk dəfə 2022-ci ilin iyulundan 2023-cü ilin 11 mayına qədər qüvvədə olub. Yoluxma hallarının azalması səbəbindən bu rejim dayandırılsa da, 14 avqust 2024-cü ildə yenidən elan edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2025-ci ilin əvvəlinə qədər dünyada 34 mindən çox insan mpox virusuna yoluxub.