21 yanvar 2026 12:11
129

Günəşdə güclü partlayış: 24 ildən sonra ilk dəfə yer ekstremal radiasiya fırtınası ilə üz-üzə

Yanvarın 21-də səhər tezdən Günəşdə ən yüksək siniflərdən biri olan M sinifli güclü alovlanma qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və akademiyanın Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasının alimləri məlumat yayıblar.

Məlumata görə, alovlanmanın gücü M1.1 səviyyəsində olub və onun pik nöqtəsi Moskva vaxtı ilə saat 04:35-də (Bakı vaxtı ilə saat 05:35) baş verib. Hadisə Yer kürəsində davam edən maqnit qasırğası fonunda müşahidə olunub.

Xatırladaq ki, hazırda Yer üzərində S4 səviyyəli radiasiya fırtınası hökm sürür. Bu cür hadisə son 24 il ərzində ilk dəfə qeydə alınıb. Radiasiya fırtınasına səbəb Günəşdə baş verən və ən yüksək sinif hesab olunan X sinifli ekstremal alovlanma olub.

Akademiyanın Günəş astronomiyası laboratoriyası daha əvvəl xəbərdarlıq etmişdi ki, bəşəriyyət ekstremal gücə malik maqnit qasırğası ilə üzləşə bilər. Keçən həftə, yanvarın 18-də Günəşdə ilin əvvəlindən bəri ikinci ortagüclü M sinifli alovlanma qeydə alınıb. M1.62 səviyyəli bu hadisə 4341 nömrəli aktiv sahədə baş verib. Daha böyük, o cümlədən X sinifli alovlanmalar isə artıq yanvarın 8 və 12-də müşahidə olunub.