21 yanvar 2026 10:05
248

Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət 

Ötən ilin avqustunda Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflandı, vacib razılaşmalar əldə edildi. Bütün bunlar da Cənubi Qafqaza de-fakto sülh gətirdi. Şübhəsiz, bu prosesdə Azərbaycanın 44 günlük Vətən müharibəsində və 23 saat davam edən lokal antiterror əməliyyatı mühüm rol oynadı.

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bir daha bu məsələ toxundu. Bildirdi ki, biz beş-altı aydır sülh şəraitində yaşayırıq: “Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur”. 

Bu gün Cənubi Qafqazın artıq yeni inkişaf mərhələsinə daxil olduğunu vurğulayan dövlətimizin başçısı, həmçinin Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda əbədi sülhə nail olunacağına da şübhə etmədiyini qeyd edib. 
Yeri gəlmişkən qeyd edək ki, sözügedən tədbir çərçivəsində Prezident Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan  “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Dövlətimizin başçısı bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi dəyərləndirib.   

Bəli, bu gün həqiqətən də Azərbaycanın lideri İlham Əliyevin atdığı qəti addımlar sayəsində Cənubi Qafqazda de-fakto sülh mühiti formalaşdırılıb, sülh təmin olunub. Sadəcə, bunu hüquqi çərçivəyə salmaqla, sülh müqaviləsini imzalamaq lazımdır. Bunun üçün isə Azərbaycan tərəfinin beynəlxalq hüququn tələblərinə uyğun irəli sürdüyü tələb yerinə yetirilməlidir. İlk növbədə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasını dəyişdirməlidir. Qeyd edək ki, Ermənistanın əsas qanununun dəyişdirilməsi həm də beynəlxalq münasibətlər sisteminə uyğun aktora çevriləcək təcavüzkar ölkə üçün də mühüm əhəmiyyət daşıyır. 

Qvami Məhəbbətoğlu, “İki sahil”