20 yanvar 2026 16:29
111

Prezident: Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq...

Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq.

“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın Avropa Parlamenti tərəfindən daim tənqid olunmasına münasibət bildirərkən deyib.

“Biz artıq buna reaksiya vermirik”, - deyən dövlətimizin başçısı bildirib ki, ölkəmizə qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.

Prezident İlham Əliyev deyib: “Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.

Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.

Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.