19 yanvar 2026 20:09
71

Baş Prokurorluq tərəfindən Səhiyyə Nazirliyinə təqdimat göndərilib

Qasımova Gülbəniz Mahir qızının 2024-cü il aprelin 4-də Bakı şəhəri, Nizami rayonunda yerləşən “HTC Cliniva Hospital”da həkim ümumi cərrah Rauf Xəlilov tərəfindən “abdominaplastika” (qarın gərmə) əməliyyatının düzgün olunmaması səbəbindən səhhətinin ağırlaşması və həkim tərəfindən ondan qanunsuz ödənişlərin tələb edilməsi barədə müraciəti üzrə Nizami rayon prokurorluğunda araşdırma aparılıb.

“İki sahil” xəbər verir ki, Baş Prokurorluq bu barədə mətbuatın sorğusuna cavabında bildirib ki, Nizami rayon prokurorluğunda aparılmış araşdırma zamanı çoxsaylı istintaq hərəkətləri icra olunub, o cümlədən komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Ekspertizanın rəyinə əsasən, Gülbəniz Qasımovanın məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın qiymətləndirilməsində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən edilməyib, habelə “Herniotomiya, hernioplastika və abdominoplastika” əməliyyatını icra edən briqadanın tərkibinin normativ aktlara uyğun olması müəyyənləşib.

Qeyd olunanlar nəzərə alınaraq toplanmış material üzrə 2025-ci il sentyabrın 1-də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib və vətəndaşa hüquqları izah olunub.

Eyni zamanda, “HTC Cliniva Hospital”ın həkim cərrahı Xəlilov Rauf Qurban oğlunun fəaliyyəti yol verdiyi nöqsan və çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrar olunmamasına dair müvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluq tərəfindən Səhiyyə Nazirliyinə təqdimat göndərilib.