19 yanvar 2026 17:28
129

AMEA –da “Qəhrəmanlığın və qalibiyyətin qan yaddaşı” adlı anım tədbiri keçirilib

Akademiyanın elmi-ictimai təşkilatlarının iştirakı ilə baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu tarixin xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb. Akademik qeyd edib ki, Bakıya qoşun yeridilməsi və günahsız insanların qətlə yetirilməsi çökməkdə olan Sovet rejiminin daxili mənəvi iflasının və acizliyinin bariz nümunəsi idi.

Akademik İsa Həbibbəyli Ümummilli lider Heydər Əliyevin bu çətin günlərdə Moskvada verdiyi bəyanatın Azərbaycan həqiqətlərini dünyaya çatdıran ən kəsərli siyasi addım olduğunu xatırladaraq, məhz həmin cəsarətli bəyanatın ölkəmizdə milli azadlıq hərəkatının magistral yolunu müəyyən edərək, müstəqilliyə gedən yolu açdığını deyib.

Akademik çıxışında Şəhidlər Xiyabanının xalqımız üçün sadəcə bir matəm yeri deyil, həm də müstəqillik və azadlıq mübarizəmizin əbədi ehramı və iftixar mənbəyi olduğu bildirib. Natiq vurğulayıb ki, 20 Yanvar faciəsi tarixi və fəlsəfi baxımdan xalqımızın sarsılmaz iradəsini və milli varlığını bütün dünyaya nümayiş etdirən bir həqiqətdir.

Akademik İsa Həbibbəyli şəhidlərimizin tökülən qanının hədər getmədiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərimizin qazanıldığını, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu, bununla da  şəhidlərimizin ali məqsədlərinin reallaşmış olduğu bildirib.

Sonra çıxış edən akademik Gövhər Baxşəliyeva 20 Yanvar faciəsi zamanı xalqın içərisindən çıxan ziyalıların və sadə vətəndaşların ümumi mənafe naminə birləşməsini milli azadlıq hərəkatımızın ən ali fədakarlıq nümunəsi kimi qiymətləndirib.  Qeyd edib ki, bu sarsılmaz birlik və xalqın ədalət səsi, həm müasir dövlətçilik modelimizin formalaşmasında həlledici rol oynayıb, həm də cəmiyyətimizin yenidən qurulmasına möhkəm zəmin yaradıb. Çıxışının sonunda o, Ümummilli Hüzn Gününün xalqımızın iradəsini sınağa çəkən tarixi bir mərhələ olduğunu və bu fədakarlığın müstəqil Azərbaycanın sarsılmaz təməllərini təşkil etdiyini deyib.

AMEA AHİ-nin sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov çıxışında 20 Yanvar hadisələrini xalqın qəhrəmanlıq və sarsılmaz mübarizə əzminin zirvə nöqtəsi, milli mənliyimizin rəmzi kimi xarakterizə edib. Bildirib ki, günahsız insanlara qarşı tutulan qanlı divan totalitar Sovet rejiminin daxili qorxusunu və azadlıq hərəkatı qarşısında nə dərəcədə aciz qaldığını göstərirdi. S.Həsənov xüsusi olaraq vurğulayıb ki, Bakıya yeridilən 60 minlik sovet ordusu xalqın iradəsini sındıra bilmədi, əksinə, milli birliyə, müstəqilliyə gedən yolun dönüş nöqtəsinə çevrildi. Qeyd edib ki, bu vəhşət şair, yazıçı və alimlərimizin həm poeziyada, həm də elmi tədqiqat əsərlərində əbədiləşən qan yaddaşı, silinməz tarix oldu. Alim məhz Ulu Öndər Heydər Əliyevin siyasi cəsarəti, sarsılmaz iradəsi və xalqına olan sonsuz bağlılığı sayəsində bu faciənin əsl mahiyyətinin və Sovet rəhbərliyinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırıldığını bildirib.

Daha sonra AMEA Mülki Müdafiə Qərargahının rəisi Nizami Vəliyev, I Qarabağ müharibəsi şəhidi, Adgözəl Bəşirovun atası Aşur Bəşirov, Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri, "Zəfər" ordeninə layiq görülmüş şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova çıxış edərək, 20 Yanvarın Azərbaycanın dövlətçilik şüurunun dirçəliş günü olduğunu vurğulayıblar. Bildiriblər ki, bu tarixi hadisə sadəcə bir təqvim günü deyil, nəsillərdən-nəsillərə ötürülən mənəvi güc mənbəyi və sarsılmaz vətənpərvərlik örnəyidir. Çıxışçılar bu fədakar mübarizənin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin mənəvi təməli olduğunu və torpaqlarımızın hər qarışının şəhidlərimizin əmanəti kimi qorunduğunu diqqətə çatdırıblar. Sonda qeyd olunub ki, milli birliyimizin rəmzinə çevrilən şəhidlərimizin xatirəsi həm dövlətimizin ali siyasətində, həm də xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Tədbirdə 20 Yanvara həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda akademik İsa Həbibbəyli şəhidlərimizin xatirəsinin hər bir azərbaycanlı üçün müqəddəs olduğunu və xalqımızın onların qəhrəmanlığını hər zaman yaddaşlarında yaşadacağını deyib.