19 yanvar 2026 16:22
210

Mehmet Gıyas Azeritürk: Əsarət zəncirinin qırıldığı gecədən tam suverenliyə

Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədri Mehmet Gıyas Azeritürk 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə fikirlərini “İki sahil” qəzeti ilə bölüşüb. O, Azərbaycanın tam suverenlik yolundakı qətiyyətli iradəsini vurğulayaraq bildirib ki, 20 Yanvar milli ruhun dirçəlişinin rəmzidir.

Azeritürk qeyd edib: “20 Yanvar bir millətin sinəsindəki ruhun ətə-qana dolduğu andır.” Onun sözlərinə görə, 1990-cı ilin o qanlı gecəsi bu gün Qarabağ zəfəri ilə taclanan möhtəşəm bir istiqlal dastanına çevrilib.

TADDEF sədri  bu fikirləri bölüşüb: “1990-cı ilin o qanlı gecəsində tankların tırtılları altında əzmək istədikləri sadəcə bir xalq deyildi.  Əslində, Sovet imperiyasının “xortlaq” kimi qorxduğu 1918-ci ilin ölməz ruhu idi. 20 Yanvarda qırılan əsarət zənciri bu gün – 2026-cı ildə – Azərbaycanın tam suverenliyi və ərazi bütövlüyü ilə taclanan istiqlal dastanına çevrilib. İndi bu möhtəşəm vüsalın işığında bütövlük yolunda addımlamaq zamanıdır.

Bu gün Şəhidlər Xiyabanına düşən günəş işığında bir daha anlayırıq ki, tarix sadəcə rəqəmlərdən ibarət soyuq xronologiya deyil. Tarix – bir millətin sinəsində qoruduğu böyük ruhun oyanış hekayəsidir. İllərdir vurğuladığımız kimi, “rus əsarətindən müstəqil dövlətə” gedən yol, əslində uşaqlığımızın kədərli əsarət ədəbiyyatının necə möhtəşəm bir istiqlal dastanına çevrildiyinin tarixidir”.

Stalin faşizminin qopardığı tufanlarda yurdundan-yuvasından didərgin salınmış ilk nəslin övladları olduqlarını xatırladan Azeritürk, nənə-babalarının Vətən sevgisini onlara layla kimi pıçıldadığını vurğulayıb: “İllərlə Arazın sularına “O gün gələcəkmi?” deyə məktublar atdıq. 1918-ci il ruhunun bir “xortlaq” kimi təqdim edildiyi qaranlıq dövrlərdə biz bilirdik ki, o ruh sönməyib – yaşayır. Ona sarılmağın xəyalı ilə böyüdük. Və həmin xəyal 1990-cı ilin 20 Yanvar gecəsində Bakı küçələrində ətə-qana doldu.

20 Yanvar sadəcə qanlı bir təqvim səhifəsi deyil. O gecə “millətləşdirmə” adı altında xalqı öz kökündən qoparmağa çalışan saxta sistem darmadağın oldu. Anaların cehiz sandıqlarında gizlədilən üçrəngli bayraqlar meydanlara axdı və illərlə boğulan tarixi həqiqət gur səslə hayqırdı: “Biz varıq, buradayıq və müstəqilik!”.

O qeyd edib ki, tarixin dəyişməz bir həqiqəti var: “Mübarək  ölümlər qutlu doğuluşların müjdəçisidir. O gecə Qarabağda boynubükük qalacaq Xarıbülbül üçün qərənfillər ağladı. Amma həmin göz yaşları 30 il sonra gələcək möhtəşəm vüsalın mürəkkəbinə çevrildi. 2020-ci ildə başlayan və bu gün – 2026-cı ildə – tam suverenlik və ərazi bütövlüyü ilə nəticələnən Zəfər, 20 Yanvarda Bakıda atılan ilk addımın tarixi təsdiqidir”.

“Bu gün artıq “ruhlarla” savaşmırıq, “əsarət ədəbiyyatı” yazmırıq. Bu gün sandıqlardan çıxan üçrəngli bayrağın kölgəsində özünəinamlı, azadlığını sübut etmiş, tam müstəqil bir mədəniyyətin daşıyıcısı kimi addımlayırıq. 20 Yanvarda torpağa düşən hər bir fidan bu gün Qarabağın yaylaqlarında azad açan Xarıbülbüllərə çevrilib”,-deyə TADDEF sədri  diqqətə çatdırıb.

O, sonda  şəhidlərin ruhuna xitab edib: “Ey ölməz şəhidlər! Sizlərin bizə əmanət etdiyi müstəqillik bu gün “bir millət, iki dövlət” iradəsi ilə möhkəmlənib, tarixi həqiqətlərin işığında əbədi möhürlənib. O gözlədiyimiz Gün artıq xəyal deyil – Şuşada küləklə dalğalanan üçrəngli bayrağımızın özüdür.

Ruhunuz şad olsun. Əmanətiniz etibarlı əllərdədir.

Əsarət bitdi. Vətənin ərazi bütövlüyü təmin olundu.

İndi növbə Bütöv Azərbaycandadır”.

Aygün İbrahim