..Zal işıqlı idi. Amma bu işıq lampalardan gələn adi aydınlığı yox, daha çox uzun illərdir dəyişməyən bir rahatlıq hissini xatırladırdı. Elə bil buradakı hər şey artıq çoxdan qərarını vermişdi və indi sadəcə həmin qərarla yaşamağa davam edirdi.
Şüşə divarların arxasında payızın şəhərin üzərinə necə sakitcə endiyini görmək olurdu. Küçələrdə tələskənlik yox idi. İnsanlar addımlarını yavaş atırdı. Yarpaqlar yerə düşəndə belə, sanki tələsmirdi, səs salmırdı. Avropa payızı həmişə belə olur: təbiət solur, amma heç nə dağılmır, həyat öz nizamını qoruyur, sanki dəyişmək üçün səbəb görmür və axtarmır...
Bu sükutda əslində, dərin səssizlik, rahatlıqda isə ətalət hiss etdim...
Çoxdankı fikrimdir, Avropa qocalmaqdan öncə köhnəlib...
Zaldakı, auditoriyadakı elə ilk təəssüratım bu qənaətimi daha da qətiləşdirdi...
Maraqlı məqamlardan biri bu zalın içində hər şeyin ölçü ilə, daha doğrusu, konkret standartlar formatında olması idi. Stulların düzülüşü elə idi ki, nə doğmalıq yaradırdı, nə də soyuqluq, sadəcə insanların heç nəyini yox, onların necə oturmalı olduğunu qəbul edirdi.
Vaxt divarlardan asılmış cədvəllərdə hissələrə bölünmüşdü. Elə zənn etdim ki, burada zaman da ötmür, axmır, sadəcə ölçülür, bölünür və nəzarət altında saxlanılırdı... Hər dəqiqənin yeri bəlli idi, hər an əvvəlcədən hesablanmışdı...
Elə bil zaman burada yaşanmırdı, sadəcə idarə olunurdu. Sanki zamanın özü də arxayınlaşmışdı, fəlsəfi kateqoriya olmaqdan çıxıb, insanın yaratdığı və idarə etdiyi bir anlayış kimi mövcud idi.
Hətta alqışlar belə fərqli idi. Onlarda nə coşqu, nə ehtiras vardı, nə də etiraz... Sadəcə formal mahiyyət daşıyırdı. Elə bil hər kəs nə vaxt alqışlamaq lazım olduğunu əvvəlcədən bilirdi və heç kim bu qaydanı pozmaq istəmirdi.
...Avropalı gənc siyasətçi-alim tribunaya qalxanda anlaşıldı ki, zal onu artıq tanıyır. Natiq Avropanın gələcəyi ilə bağlı fikirlərini açıq və arxayın dillə ifadə edir, bu arxayınlığı şəxsi cəsarətdən çox, uzun illər formalaşmış mühitdən alırdı. Aydın hiss olunurdu ki, o, dinləyiciləri inandırmağa ehtiyac duymur, söylədiklərinin mübahisə doğurmayacağını və zala toplaşanların razılaşmaq üçün gəldiyini bilirdi.
Zahirən normal görünən bu rahatlıq düşüncəni oyadan gərginlikdən uzaq olsa da, səslənən fikirlər mövcud düşüncə rahatlığını qorumaq məqsədi daşıyırdı. Nitqinə azadlıq anlayışı ilə başlayan natiq bu anlayışı nə sual, nə də problem kimi qoyur, onu artıq tapılmış və hamı üçün qəbul olunmuş bir həqiqət kimi təqdim edir, azadlığı həm başlanğıc nöqtəsi, həm də düşüncələri səssiz şəkildə çərçivəyə alan görünməz sərhəd kimi təqdim edirdi.
Gənc çıxışına "Azadlıq universal dəyərdir" deyərək davam etdi. Onun dedikləri sadə görünürdü, amma uzun illərin təcrübəsi və düşüncəsi ilə formalaşmış həqiqəti əks etdirirdi. Dinləyicilər diqqətlə qulaq asır, hər ifadəni sakitliklə təsdiqləyirdilər. O vurğuladı ki, azadlıq mədəniyyət tanımır, tarix seçmir. Harada yaşamağından asılı olmayaraq, hər insan öz həyatına sahib olmaq istəyir. Azadlıq yalnız qanunlarda yox, gündəlik qərarlarda, hər seçimdə yaşanmalıdır. Fərqli dillər və adətlər olsa da, insanların eyni ehtiyacı var: seçim etmək və varlığını tam yaşamaq. Bu sadə sözlərin arxasında isə insan təcrübəsi, tarix boyu formalaşmış arzular və itirilmiş imkanların çəkisi dayanır.
Bəli, mənə görə də sözlər sadə idi, amma mahiyyəti dərin, çəkisi böyük idi. Zalın səssizliyi, diqqəti və ölçülü nəfəsi bu çəkini daha da artırırdı. Eyni zamanda hiss edirdim ki, bu sadəliyin arxasında hələ cavabsız qalmış böyük suallar və dəyərlər gizlənib. Zalın hər küncündə eyni sakitlik vardı, insanlar dinləməklə yanaşı, sanki bu fikirləri içlərinə çəkməyə çalışırdılar.
Maraqlısı odur ki, zalda görünməz bir ritm yaranmışdı. Bu sözlərin arxasındakı mənaları anlamaq, öz içimdə rahatlıq tapmaq istəyimi artırırdı, düşünürdüm ki, zalın sükutu mənim suallarıma cavab tapmağa çağırır.
Qeydlər aparırdım. Daha doğrusu, dinləyirdim. Çünki bu nitqdə məni narahat edən boşluq cümlələrin arasında yox, baxışlarda, düşüncələrdə idi. Danışılan azadlıq sanki zamanın toxunmadığı, tarixdən kənarda dayanmış, təhlükəsiz və səliqəli bir anlayış kimi təqdim olunurdu.
Maraqlı idi ki, azadlıq artıq tələb kimi deyil, sanki keçmişdən qalmış bir həqiqət kimi səslənirdi. Natiqin sözləri düzgün və ardıcıl olsa da, içimdə qəribə bir narahatlıq yaradırdı. Elə bil Corc Orvellin "1984" romanındakı kimi, təhlükəsiz görünən, riskdən təmizlənmiş azadlıq formal olaraq mövcuddur, amma iti kənarları yonulmuş, içi boşalmışdır...
Düşünürdüm: azadlıq riskini itirəndə hələ də azadlıq olaraq qalırmı?..
Öz ölkəmi düşündüm - azadlığın uzun illər həsrətə çevrildiyi, bəzən arzu, bəzən qorxu kimi yaşandığı yeri...
XX əsrin əvvəllərində qazanılan müstəqillik tezliklə əlindən alınsa da, xalqın yaddaşında azadlıq ruhu qorunmuş, nəsildən-nəslə ötürülmüşdü. Yenidən əldə edilən müstəqillik isə böyük sınaqlardan, böhranlardan, faciələrdən keçdi...
Bu azadlıq indi hər gündəlik seçimdə, hər addımda hiss olunur, bəzən natamam, bəzən kobud olsa da, həmişə canlı və irəliləmək üçün güc verir. O, hüquqların və qanunların rəmzi, təminatçısı olmaqla yanaşı, həm də xalqın ruhunun, arzularının və gələcəyə inamının ifadəsidir.
Buradakı zalda isə azadlıq sanki vitrinə qoyulmuş, rəfdə baxılan, amma toxunulmayan bir anlayış kimi görünürdü...
Nitqin sonuna yaxın alim səsini bir qədər aşağı tona salaraq, sözlərini yekunlaşdırmaq istəyirdi. Moderator sual-cavab hissəsini elan edəndə zalda yüngül tərpəniş oldu, kağızlar səs saldı, qələmlər yerini dəyişdi.
Bu anlar, adətən formal olur: bir-iki təhlükəsiz sual, bir-iki təşəkkür, sonra fasilə...
Amma mənim içimdə yığılan suallar, mülahizələr bu formata uymazdı. Bizim yaşadıqlarımıza rəğmən, azadlıq haqqında danışmaq, lakin onun canlılığını itirməsindən danışmayaraq susmaq, artıq özü bir növ itaət demək idi... Hamını eyni qəlibə salmaq olmaz, axı...
Əlimi qaldıranda zərrə qədər də həyəcanlanmadım. Əksinə, qəribə bir sakitlik vardı içimdə...
Mikrofonu götürəndə zal mənə tərəf döndü, avropalı gənc alim də baxışlarını mənə yönəltdi. Bu baxışda maraq aydın görünürdü, o hələ bilmirdi ki, az sonra eşidəcəyi sual cavabdan çox, düşüncə tələb edəcək.
Dərin nəfəs aldım və danışmağa başladım...
- Çıxışınıza görə təşəkkür edirəm, amma bir şey məni rahat buraxmadı. Siz azadlıqdan danışdınız, fikirləriniz dərin və aydın idi. Hər sözün ardıcıllığı, təqdimolunma tərzi dinləyicini düşündürürdü, mövzunun əhəmiyyətini hiss etdirirdi. Amma siz azadlığı daha çox hazır, üzərinə etiket vurulmuş bir forma kimi təqdim etdiniz. Elə bil azadlıq qablaşdırılıb, paylanmağa hazırdır. Halbuki azadlıq paketlənə bilən dəyər deyil. O, yaşanan, nəfəs alınan, hər gündəlik seçimdə və hər qərarda hiss edilən bir haldır. Məsələn, mənim ölkəm öz azadlığını qazanmaq üçün uzun yol keçib, qanlar tökülüb. Sonda azadlığı əldə edib. Bunu biz qazanmışıq, heç kim paketdə bizə verməyib.
Zalda sükut yarandı. Bu dəfə sükut ənənəvi deyildi. İnsanların diqqəti bir-birinə yönəlmişdi. Avropalı alim üzümə baxdı, bir az da təəccüblə.
- Sizcə, azadlıq universal deyilsə, bəs nədir? - soruşdu.
- Bilirsinizmi? İnsan harada yaşamasından asılı olmayaraq, öz taleyinin sahibi olmaq istəyir, bayaq siz də bunu söylədiniz, amma bu arzu hər yerdə eyni cür ifadə olunmur. Kant azadlığı ağlın özünə verdiyi qanun kimi düşünürdü. Bu, Avropanın ağrı ilə qazandığı nəticə idi. Amma hər toplum azadlığı ağıl üzərindən deyil, bəzən yaddaş üzərindən qurur.
Bir anlıq dayandım, fikirlərimi sadələşdirdim:
- Avropada azadlıq bir vaxtlar risk idi. Fransız İnqilabı zamanı azad olmaq demək, hər an həyatını itirmək demək idi. O azadlıq gərgin, təhlükəli, canlı idi. İndi isə azadlıq daha çox qorunur, idarə olunur, tənzimlənir. Hannah Arendt yazırdı ki, insan azadlığı vərdişə çevrildikdə, onun mənası itir.
O, yüngülcə gülümsədi və dedi:
- Amma azadlıq təhlükəsiz olanda davamlı olur.
Dərhal cavab verdim:
- Doğrudur, amma təhlükəsizlik azadlığın məqsədi olanda, ehtiras itir. Bir də ki, təhlükəsizliyi ədalətsizliklə əldə etmək doğru deyil. Hüquqi baxımdan yanaşdıqda da ədalətsizliyin qarşısını başqa bir ədalətsizliklə almaq beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. BMT Nizamnaməsi dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və gücdən istifadənin qadağan olunmasını açıq şəkildə təsbit edir. Liviya nümunəsində bu prinsiplər "humanitar müdaxilə" adı altında faktiki olaraq kənara qoyuldu. Nəticədə, hüquqi legitimlik yaranmadı, əksinə, dövlətçilik dağıldı, mülki əhali daha böyük təhlükə ilə üzləşdi. Beynəlxalq hüquq məhz belə halların qarşısını almaq üçün formalaşmışdı. Lakin Avropa bu hüquqi çərçivəni yalnız öz siyasi maraqları ilə üst-üstə düşəndə tanıyır, uyğun gəlmədikdə isə onu selektiv şəkildə tətbiq edir. Bu mərhələdə söhbət artıq hüququn aliliyindən yox, gücün hüquq dili ilə əsaslandırılmasından gedir.
O narahatlıqla susurdu, mən isə çıxışımı söhbət tonunda davam etdim:
- Avropa uzun yol keçib: üsyandan hüquqa, hüquqdan rifaha, rifahdan rahatlığa. Bu yol pis deyil, amma azadlıq burada yavaş-yavaş hissedilməz olub. Tocqueville yazırdı ki, insanlar rahatlıq üçün azadlıqlarından könüllü əl çəkəndə, bu, ən təhlükəli itkidir. Benjamin Franklin deyirdi ki, təhlükəsizlik üçün azadlıqdan əl çəkmək həm azadlığı, həm rifahı itirmək deməkdir. Con Stüart Mill isə vurğulayır ki, rahatlıq üçün tənqidi düşüncədən imtina cəmiyyətin azadlığını və ruhunu zəiflədir.
Uzağa getmək lazım deyil, pandemiya dövründə biz bunu daha aydın gördük. Avropa ölkələri çətin anlarda əvvəlcə öz daxilinə qapandı, yardım və resurslar əsasən milli sərhədlər çərçivəsində düşünüldü, qlobal həmrəylik isə çox vaxt bəyanat səviyyəsində qaldı, deklorativ səciyyə daşıdı. Azərbaycan isə imkanları daxilində bir çox ölkəyə humanitar və tibbi yardım göstərdi. Bu, siyasi jest yox, azadlığın məsuliyyət kimi dərk edilməsinin ifadəsi idi. Çünki azadlıq yalnız öz təhlükəsizliyini qorumaq deyil, başqasının çətin anında paylaşmaqdır. Paylaşılmayan azadlıq dəyər olmur, imtiyaza çevrilir.
Zalda kimsə tərpənmirdi, hamı sakitcə dinləyirdi.
Davam etdim:
- Bu gün Avropada gənclər azadlıqdan yox, onun görünən tərəfi ilə maraqlanırlar. Çünki azadlıq artıq onlar üçün qazanılmış dəyər deyil, sadəcə verilmiş vəziyyətdir. Heideggerin dili ilə desək, azadlıq artıq "var olan", amma "yaşanmayan" bir şeyə çevrilib.
Bir də ki, siz Avropada vahid birlik - təşkilat daxilindəsiniz, amma hələ də hüquqlar və azadlıq məsələsində fikir ayrılığı var. Məsələn, miqrant hüquqları və şəxsi azadlıqların məhdudlaşdırılması məsələsində Fransa ilə Almaniya, Şərq ilə Qərb arasında ciddi fərqlər qalır. Biz isə azadlığı yalnız özümüz üçün yox, hətta uzun illər düşmən mövqedə olmuş Ermənistana belə hüquq və təhlükəsizlik zəmanəti verərək qorumuşuq. Bu, onu "forpost" olmaqdan xilas edib, regionu sülh yoluna yönəldib. Avropada isə bəzi dairələr öz maraqları üçün bu sülhə əngəl törədir, məhz buna görə sizin azadlığınız prosedur kimi qorunur, amma mənasını, ən əsası isə mahiyyətini itirib.
Avropalı alimin üzündəki gülümsər əhval artıq itmişdi, baxışlarında müdafiə yox, düşüncə duyğusu vardı.
Sakit səslə soruşdu:
- Siz demək istəyirsiniz ki, biz səhv yoldayıq?
Bu səsdə nə qəzəb, nə də təkəbbür vardı. Daha çox, cavabdan qorxan bir maraq hiss olunurdu.
- Amma bu yol artıq bitib, artıq köhnə üsullarla yalnız azadlığı qorumaq kifayət etmir, indi azadlığın fəlsəfəsi dəyişməlidir: onu yenidən hiss etmək, yaşamaq, hər kəs üçün canlı etmək lazımdır. Mən bu dediklərimi nəzəri müstəvidə yox, bir daha konkret təcrübə üzərindən əsaslandıra bilərəm. Avropanın Qafqaz siyasəti buna açıq nümunədir. Azərbaycanın torpaqları otuz ilə yaxın işğal altında qaldı. Bir milyondan artıq insan öz yurdundan didərgin düşdü. Bu insanlar üçün azadlıq hüquqi anlayış yox, itirilmiş həyat idi. Amma bütün bu illər ərzində Avropa azadlıqdan danışdı, eyni zamanda bu haqsızlıqlara göz yumdu.
Zalda nəfəs səsləri belə eşidilirdi.
- Burada problem yalnız siyasi mövqe deyildi, problem azadlığın selektiv hiss edilməsində idi. Avropa öz rahat həyatını qoruyarkən, başqalarının azadlıq itkisini uzaq coğrafiyanın statistikası kimi qəbul etdi. Yaşanan azadlıqla başqalarına tövsiyə edilən azadlıq arasında, şübhəsiz, bir fərq yarandı.
Avropalı alim gözlərini yayındırmadan, diqqətlə dinləyirdi.
- Azərbaycan bu fərqi kənardan gözləmədi, heç kimin hazır modelini "kopyalamadı". Öz milli ruhu ilə, tarixi yaddaşı ilə, dəyərləri ilə bu ədalətsizliyə son qoydu. Azadlıq bizim üçün abstrakt anlayış deyildi, öz dədə-baba torpağına qayıdış idi, ədalətsiz azadlıq sükutunun pozulması idi, yaddaşın dirilməsi idi...
Səsim yumşaldı.
- Və paradoks ondadır ki, biz bu gün yalnız öz azadlığımızı bərpa etmirik. Biz Ermənistan cəmiyyətinin də ilk dəfə real azadlıq seçimi imkanları ilə üzləşdiyi bir mərhələnin qapısını açmışıq. Sözdə azadlığın müdafiəçisi olan dövlətlərin iç üzünü bütün dünyaya göstərmişik. Bu bir həqiqətdir ki, həqiqi azadlıq yalnız başqasının azadlığını inkar etmədikdə mövcud olur. Bizim regionda azadlıq təhlükəsiz mühitdə formalaşmayıb. O, müharibə, itki və risk içində sınanıb. Buna baxmayaraq, biz bu gün sülhü düşməni zəiflətmək üçün yox, onu asılılıqdan çıxarmaq üçün təklif etdik. Bu, azadlığa yalnız özün üçün yox, başqası üçün də dəyər vermək deməkdir.
Bir qədər susdum, sonra əlavə etdim:
- Xahiş edirəm, elə düşünməyin ki, mən Avropaya dərs keçirəm. Sadəcə xatırladıram: azadlıq yalnız qorunan dəyər deyil, paylaşılarkən ədalətli olmalıdır. Əks halda, o, prinsip yox, imtiyaza çevrilir və imtiyaz heç vaxt sizin qeyd etdiyiniz kimi universal ola bilməz.
Avropalı gənc alim artıq sual vermirdi. O, bəlkə də ilk dəfə azadlıq haqqında dediklərində məsuliyyət axtarırdı. Zalda oturanlar da bunu dərk edirdi: məsuliyyətli dövlət davranışı yalnız gücü həqiqət və ədalətlə məhdudlaşdırmaq bacarığında əsl mənasını tapır. Tarixi təcrübə isə göstərir ki, ədalətə zidd güc qısamüddətli nəticə verə bilər, amma uzunmüddətli sabitliyi təmin etmir.
Şüşə divarların arxasında axşam düşürdü. Günəş Avropa şəhərlərinə xas olan sakit, yorğun işıqla binaların kənarlarını öpürdü...
Küçələrdə tələskənlik yox, hər şey ölçülü və yerindəydi. Bu sakitlik zahirən sabitlik versə də, bilirdim ki, düşüncə ilə sarsılmayan sakitlik bir gün sərt səslə qırılacaq...
Azadlıq köhnəlmiş görünə bilər, amma tarix göstərir ki, o heç vaxt tamamilə yox olmur; hər nəsil onu yenidən formalaşdırmalı, bəzən qan və itki içindən, bəzən isə cavabsız sualların və çətin seçimlərin içindən keçirərək yaşatmalıdır.
...Mikrofonlar söndürüləndə avropalı alim yerindən tərpənmədi. Şüşə divarlardan kənara baxırdı, amma sanki şəhəri yox, öz düşüncələrini nəzərdən keçirirdi. Ukrayna, Yaxın Şərq, Qafqaz... "Təhlükəsizlik", "tarazlıq", "diplomatik zərurət" kimi sözlərlə izah edilən müharibələr indi onun baxışlarında başqa cür səslənirdi. Azadlıq yalnız şüar olaraq qalanda, nəticələrin ağırlığını anlamaq çətin olur.
Mənə elə gəlirdi ki, o artıq anlayır: azadlıq yalnız öz rahat çərçivəsində yaşananda deyil, başqasının həyatında ədalət yarandıqda canlı qalır. Əks halda, azadlıq dəyərdən imtiyaza çevrilir və bu, ya qorxu, ya da münaqişə doğurur.
Gənc alim yavaşca başını çevirdi. Baxışlarında təşəkkür vardı, amma hissini sözə çevirmədi. Azərbaycanın təcrübəsi ona dərs yox, güzgü kimi təsir etmişdi. Millətin yaddaşı və ruhu ilə bərpa olunan azadlıq, onun düşüncəsində yeni suallar açmışdı, o suallar ki, Avropa və dünya üçün gələcək təhlükələri anlamağa kömək edə bilər.
Axşam tam düşmüşdü. Zal sakit idi, amma bu dəfə o sakitlik artıq fərqliydi...
Bəzən tarix bir insanın düşüncəsinin dəyişməsi ilə başlayır...
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri