19 yanvar 2026 14:25
73

20 Yanvar faciəsi - insanlıq əleyhinə cinayət və milli azadlıq salnaməsi

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının çoxəsrlik tarixində dərin iz buraxmış, milli yaddaşımıza qanla yazılmış ən faciəli hadisələrdən biri olmaqla yanaşı, xalqımızın azadlıq, müstəqillik və milli ləyaqət uğrunda mübarizəsinin parlaq rəmzinə çevrilmişdir. Bu qanlı hadisə keçmiş Sovet imperiyasının öz mövcudluğunu qorumaq naminə Azərbaycan xalqına qarşı həyata keçirdiyi, insanlıq əleyhinə yönəlmiş, qabaqcadan planlaşdırılmış ağır cinayət kimi tarixə düşmüşdür. 20 Yanvar günü Azərbaycan xalqının tarixinin kədərli və faciəli səhifəsi olduğu qədər, eyni zamanda milli iradənin, qəhrəmanlığın və fədakarlığın təcəssümüdür.

Keçmiş SSRİ rəhbərliyinin birbaşa göstərişi ilə həyata keçirilən və “Qanlı Yanvar” kimi yadda qalan “Bakı əməliyyatı” nəticəsində dinc əhali – qadın, uşaq və qoca demədən, ağır hərbi texnika və müxtəlif tipli atıcı silahlardan atəşə tutulmuş, yüzlərlə günahsız insan amansızcasına qətlə yetirilmiş, minlərlə vətəndaş yaralanmışdır. Dinc əhaliyə qarşı tətbiq edilən bu zorakılıq aktları beynəlxalq hüququn, humanitar prinsiplərin və insan hüquqlarının kobud şəkildə pozulması idi. Heç bir hüquqi əsas olmadan, fövqəladə vəziyyət elan edilmədən həyata keçirilən bu hərbi təcavüz SSRİ-nin totalitar mahiyyətini bir daha açıq şəkildə nümayiş etdirmişdir.

20 Yanvar hadisələri nəticəsində keçmiş Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi, hüquqi və mənəvi dayaqlarını birdəfəlik itirmişdir. Bu faciə Azərbaycan xalqının milli azadlıq hərəkatını boğa bilməmiş, əksinə, müstəqillik ideyalarının daha da möhkəmlənməsinə, milli kimliyin formalaşmasına və xalqın vahid məqsəd ətrafında birləşməsinə güclü təkan vermişdir. 1990-cı ilin qanlı yanvar hadisələri Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, eyni zamanda ölkəmizin tarixində unudulmaz, taleyüklü və dönüş nöqtəsi olan bir mərhələdir. Məhz bu hadisələr dünya azərbaycanlılarının təşkilatlanması prosesini sürətləndirmiş, milli həmrəyliyin möhkəmlənməsinə xidmət etmişdir.

20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndər Heydər Əliyev hələ 1990-cı il yanvarın 21-də Moskvada, SSRİ rəhbərliyinin Bakıya sovet ordusu yeritməsi ilə bağlı qəbul etdiyi qərarı qətiyyətlə və kəskin şəkildə tənqid etmiş, bu qanlı cinayətə görə rəsmi izahat və hüquqi məsuliyyət tələb etmişdir. Bu tarixi mövqe ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdırmış, totalitar rejimə qarşı açıq etirazını ifadə etmişdir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən mühüm qərar qəbul edilmişdir. Bu qərar 20 Yanvar hadisələrinin hüquqi-siyasi müstəvidə obyektiv dəyərləndirilməsi istiqamətində atılmış ilk prinsipial addım olmuşdur. Daha sonra 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Azərbaycan Respublikasının Milli Məclisi səviyyəsində ilk dəfə dövlət səviyyəsində tam və hərtərəfli siyasi-hüquqi qiymət verilmişdir. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti tam şəkildə açılmış, tarixi ədalət bərpa olunmuşdur.

Ulu Öndərin qeyd etdiyi kimi, “20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük”. Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli birliyinin müqəddəs rəmzlərindən birinə çevrilmişdir. Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsi dövlət səviyyəsində əbədiləşdirilmiş, onların ailələrinə daim diqqət və qayğı göstərilmişdir.

Hazırda Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı ali diqqət və ehtiramı ifadə edən dövlət siyasəti ardıcıl və sistemli şəkildə həyata keçirilir, bu faciənin tarixi-hüquqi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılır.

Belə ki, 36 il əvvəl 20 Yanvar hadisələrində özünü göstərən birlik, mətinlik bizə həm də 44 günlük Vətən müharibəsində şanlı Zəfəri qazandırdı. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mahir sərkərdəliyi, qətiyyəti, qüdrətli Ordumuzun rəşadəti, xalqımızın birliyi ilə qazandığımız tarixi Zəfərlə bütün şəhidlərimizin intiqamı alındı. Bu gün artıq bütün şəhidlərimizin ruhu şaddır. Onların Vətən yolunda axıdılan qanı yerdə qalmadı! Çünki onların uğrunda canlarını fəda etdikləri müstəqil dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Ümumilikdə, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində əbədi yaşayacaq, bu qanlı hadisədə şəhid olmuş həmvətənlərimizin xatirəsi daim ehtiramla anılacaqdır. Qanlı Yanvar xalqımızın iradəsini sındıra bilmədi, əksinə, müstəqil Azərbaycan dövlətinin yaranmasına aparan yolu daha da möhkəmləndirdi və milli azadlıq ideyalarını dönməz etdi.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri