19 yanvar 2026 17:45
122

Bir xalqın azadlıq mübarizəsi

20 Yanvar 1990-cı il Azərbaycan xalqının yaddaşında unudulmaz bir faciə kimi qaldı. Həmin gecə Sovet ordusu Bakı şəhərinə daxil oldu və dinc insanlara qarşı amansızca atəş açdı. Bu, sadəcə bir hərbi əməliyyat deyildi — xalqın azadlıq arzularını boğmaq üçün planlanmış bir qırğın idi. Amma nə qədər qorxutmağa çalışsalar da, Azərbaycan xalqının milli ruhu sarsılmadı; əksinə, azadlıq və müstəqillik idealları daha da gücləndi. O gecənin qorxusu, sarsıntısı və itkiləri uzun müddət hər kəsin qəlbində iz buraxdı. İnsanlar bir-birinə dəstək olaraq, ümidi qorumağa çalışdılar.

Hadisələrin ən dəhşətli tərəfi odur ki, insanlar xəbərsiz idilər. Fövqəladə vəziyyət elan olunmamışdı və səhər saat 5:30-da radio vasitəsilə komendant Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Bu, yalnız qanunsuzluğun deyil, həm də planlı cinayətin sübutu idi.  Bu fakt sovet rəhbərliyinin hüquqi normalara və beynəlxalq insan hüquqlarına tam zidd hərəkət etdiyini açıqca göstərirdi. Dinc əhalinin məlumatlandırılmadan hərbi əməliyyatlara məruz qalması bu hadisəni planlı cinayət aktı kimi səciyyələndirir. Dinc vətəndaşların qəflətən atəş altında qalması, şəhərin sakit gecəsini kabusa çevirdi. Hər kəs öz yaxınlarının sağ qalması üçün dua edirdi.

Ulu Öndər Heydər Əliyev dərhal Azərbaycanın haqqını müdafiə etdi. O, SSRİ rəhbərliyinin bu addımını kəskin tənqid etdi və əlavə qoşunların xalqı qorxutmaq məqsədi daşıdığını vurğuladı. Onun bu mövqeyi 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsində həlledici oldu. Bu cəsarətli mövqe xalqın ümidini yenidən canlandırdı və haqq səsinin hər zaman eşidilə biləcəyini göstərdi. Həm Ulu Öndər xalqının onun arxasında olduğunu bilirdi, həm də xalq Ulu Öndərinin onlara dayaq olduğunu bilirdi. Onun sözləri xalqın ruhunu yüksəltdi.  Hər kəs bilirdi ki, bir liderin dəstəyi ilə xalqın ümidləri sarsılmazdır.

Azərbaycan dövləti 20 Yanvar şəhidlərini əbədiləşdirmək üçün “20 Yanvar şəhidi” fəxri adını təsis etdi. Bu ad şəhidlərin Vətən qarşısında göstərdikləri fədakarlığın rəsmi tanınmasıdır. Şəhidlik bizim cəmiyyət üçün müqəddəs bir dəyərdir və bu faciə milli kimliyimizin formalaşmasında əvəzsiz rol oynayıb. Hər bir şəhidin adı, hər bir itki, bizə azadlığın nə qədər dəyərli olduğunu xatırladır və gələcək nəsillərə ötürülməlidir. İllər keçsə belə həmin gecə məğrur şəkildə canından keçmiş Şəhidlərimiz unudulmur, unudulmayacaq.

Prezident İlham Əliyev də şəhidlərin xatirəsini daim uca tutur və onların ailələrinin sosial rifahını təmin etmək üçün ardıcıl tədbirlər görür. Bu, dövlətin milli yaddaşa və vətəndaşlara verdiyi dəyərin açıq göstəricisidir. Ailələrinə göstərilən dəstək yalnız maddi deyil, həm də mənəvi bir qiymət daşıyır və xalqın birlik hissini gücləndirir.

20 Yanvar yalnız Azərbaycanda deyil, xaricdə yaşayan azərbaycanlıların da milli şüurunu oyatdı. Soydaşlarımız daha da birləşdi, milli maraqlar ətrafında sıx bağlandı. Bu faciə həm də milli həmrəyliyin təməl nöqtəsi oldu. Bu hadisə xalqımızın birliyini və azadlıq uğrunda mübarizədə əzmini bütün dünyaya göstərdi. 20 Yanvarı biz görməsək də, yaddaşımızda yaşayır. Hər bir şəhidin xatirəsi bizə azadlıq üçün mübarizənin nə qədər qiymətli olduğunu xatırladır. O gecə xalqımıza öyrətdi ki, birlikdə olduqda heç bir qüvvə bizi sarsıda bilməz. Gələcək nəsillər də bunu tariximizdən öyrənərək vətənpərvərlik ruhunu yaşadacaq, azadlığın əsl dəyərini anlayacaqlar. Bu tarix yalnız keçmişin yaddaşı deyil, həm də gələcək üçün dərsdir — birlikdə olduğumuz zaman hər bir çətinliyin öhdəsindən gələcək bir xalqıq.

Səma Məmmədova,
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü