15 yanvar 2026 19:46
144

"Beşiktaş" Abrahamı gözləyir: 25 milyon avro...

Türkiyə Trendyol Super Liqasında zirvədən uzaq qalan "Beşiktaş" heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir. “Qara-ağlar” Tammy Abrahamın çıxışından razı qalmadığı üçün yeni hücumçu transferi istiqamətində addımlar atmağa başlayıb. İngilis futbolçunun mümkün ayrılığı 25 milyon avro dəyərində qiymətləndirilən yeni qolçunun yolunu aça bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qış transfer dönəmi üçün aktiv fəaliyyət göstərən Beşiktaşda diqqətçəkən proseslər yaşanır. Klub rəhbərliyi gözlənilən effekti verə bilməyən Abrahamla yolları ayırmağı planlaşdırır. Britaniya mətbuatında yer alan xəbərlərə görə, "Aston Villa"nın baş məşqçisi Unai Emeri, Ollie Watkinslə rəqabət aparacaq bir mərkəz hücumçusu axtarışındadır və bu məqsədlə daha əvvəl birlikdə çalışdığı Abrahamın transferini istəyir.

"Beşiktaş" tərəfi uyğun təklif daxil olduğu halda ingilis futbolçunun ayrılığına razılıq verməyə hazırdır. Abrahamın da "Aston Villa" variantına müsbət yanaşdığı bildirilir.

Bu arada “Qara Qartal” mümkün ayrılıqdan sonra hücum xəttini gücləndirmək üçün alternativini də müəyyənləşdirib. Klub prezidenti Serdal Adalı və idarə heyəti Abrahamın transferinin rəsmiləşməsindən sonra diqqəti İtaliya bazarına yönəldəcək.

Məşhur insayder Gianluca Di Marzionun məlumatına görə, "Beşiktaş" "Napoli" formasını geyinən Lorenzo Lucca ilə maraqlanır. 25 milyon avro dəyərində qiymətləndirilən italyan hücumçu "Beşiktaş"ın yeni qol ümidi kimi nəzərdən keçirilir.