Tarixçi-alim: 20 Yanvar faciəsi həm keçmişin acı xatirəsi, həm də bu günün və gələcəyin məsuliyyət çağırışıdır
Bu il Azərbaycanda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunur. Otuz altı il əvvəl baş verən bu qanlı hadisə Azərbaycan xalqının müasir tarixində təkcə faciəvi bir gecə kimi deyil, milli iradənin sarsılmazlığını, azadlıq istəyinin qarşısıalınmaz gücünü nümayiş etdirən taleyüklü dönüş nöqtəsi kimi yadda qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının hərbi birləşmələri Bakıya yeridildi, dinc əhaliyə qarşı ağır silahlardan istifadə olundu, onlarla insan qətlə yetirildi, yüzlərlə vətəndaş yaralandı. Lakin bu qanlı zorakılıq Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi, əksinə, milli şüurun oyanışını daha da sürətləndirdi və müstəqillik yolunu geri dönməz etdi.
Müasir Azərbaycan dövlətinin siyasətində milli birliyin möhkəmləndirilməsi, cəmiyyətin konsolidasiyası xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə 20 Yanvarın verdiyi tarixi dərslər bir daha təsdiqləndi. Dövlət və xalqın birliyi, ümummilli məqsədlər ətrafında səfərbərlik Azərbaycanın gücünü və iradəsini dünyaya nümayiş etdirdi. Bu mənada 20 Yanvar yalnız keçmişin faciəsi deyil, həm də bu günün siyasi-mənəvi dayaq nöqtəsidir.

Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində ehtiramla yad olunur, onların qanı bahasına qazanılan müstəqilliyin qorunması əsas strateji xətt kimi qəbul edilir. Dövlətçilik və milli həmrəylik baxımından 20 Yanvarın dərsi aydındır: suverenlik yalnız hüquqi aktlarla deyil, xalqın birliyi, tarixi yaddaşı və milli ruhu ilə möhkəmlənir. Məhz bu ruh Azərbaycanı o vaxt imperiya zülmünə qarşı ayağa qaldırdı, bu gün isə onu müstəqil və güclü dövlət kimi irəli aparır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müasir tarixində həm böyük faciə, həm də milli oyanış mərhələsidir: “1990-cı ilin yanvarında Sovet imperiyasının hərbi güc tətbiq edərək dinc əhaliyə qarşı törətdiyi qırğın, əslində, Kremlin Azərbaycan xalqının azadlıq iradəsini boğmaq cəhdinin iflası idi. Bu hadisə bir tərəfdən yüzlərlə insanın həyatına son qoyan ağır cinayət kimi tarixə düşdüsə, digər tərəfdən xalqın müstəqillik əzmini daha da möhkəmləndirdi.
20 Yanvarın əsas dərsi ondan ibarətdir ki, dövlətçilik təsadüfi şəkildə formalaşmır - qurbanlar, iradə və milli həmrəylik bahasına qurulur. Həmin gün Azərbaycan cəmiyyəti siyasi baxımdan parçalanmış vəziyyətdə olsa da, faciədən sonra milli birlik ideyası daha aydın şəkildə formalaşdı. Xalq anladı ki, öz taleyinin sahibi olmaq üçün yalnız hüquqi deyil, mənəvi-siyasi müstəvidə də müstəqil mövqe nümayiş etdirməlidir”.
Günel Aslanlı qeyd etdi ki, 20 Yanvar hadisələrinin siyasi-hüquqi mahiyyətinin ilk dəfə açıq və prinsipial şəkildə qiymətləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndərin Sovet siyasi sisteminin mövcud olduğu bir şəraitdə, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanat fövqəladə cəsarət nümunəsi idi. Heydər Əliyev həmin çıxışında Sovet rəhbərliyini açıq şəkildə ittiham edərək, Bakıda törədilmiş qırğını insanlığa qarşı cinayət kimi xarakterizə etdi.
Bu gün 20 Yanvar hadisələrinə dövlətçilik prizmasından baxdıqda, onu müasir Azərbaycan dövlətinin mənəvi əsaslarından biri kimi qiymətləndirmək olar. Məhz həmin faciədən sonra suverenlik, milli təhlükəsizlik və siyasi məsuliyyət anlayışları cəmiyyətin şüurunda dərin kök saldı. Milli həmrəylik baxımından isə 20 Yanvar göstərdi ki, təhlükə qarşısında xalqın birliyə gəlməsi, fərqli baxışlara baxmayaraq, ümummilli maraqlar ətrafında birləşməsi dövlətin yaşaması üçün həlledici amildir”.
Tarix üzrə fəlsəfə doktoru vurğuladı ki, bu faciəni yalnız matəm günü kimi deyil, həm də tarixi yaddaş və siyasi dərs günü kimi dəyərləndirərək, heç zaman unutmamalıyıq ki, azadlıq qorunmadıqda itirilə, dövlətçilik isə milli iradə zəiflədikdə təhlükə altına düşə bilər. 20 Yanvar həm keçmişin acı xatirəsi, həm də bu günün və gələcəyin məsuliyyət çağırışıdır.
Nigar Orucova, “İki sahil”
Su təchizatı layihələri həyata keçirilən uğurlu sosial siyasətin məntiqi nəticəsidir