15 yanvar 2026 16:56
102

Donald Tusk RUSİYANI İTTİHAM EDİB

Polşanın baş naziri Donald Tusk 2025-ci ilin dekabr ayının sonunda ölkənin enerji infrastrukturuna qarşı həyata keçirilmiş kiberhücumlara görə Rusiyanı məsuliyyətli tərəf kimi göstərib. O, bu barədə Polşa Nazirlər Kabinetinin sosial şəbəkələrdə yayımlanan mətbuat konfransında açıqlama verib.

“İki sahil” xəbər verir ki, məlumatı Polşanın PAP agentliyi yayıb.

Donald Tuskun sözlərinə görə, kiberhücumlar məhdud və hədəfli xarakter daşıyıb. Hücumlar əsasən bərpa olunan enerji mənbələri ilə əlaqəli obyektlərə, o cümlədən iki istilik-elektrik mərkəzinə yönəlib. Bununla belə, baş nazir vurğulayıb ki, kritik infrastruktur, xüsusən də enerji ötürücü şəbəkələr təhlükə altında olmayıb.

Polşa hökumətinin başçısı qeyd edib ki, enerji sisteminin kütləvi şəkildə iflic olması və ya “blackout” ssenarisi ümumiyyətlə nəzərdən keçirilməyib. Onun sözlərinə görə, hücum uğurlu olsaydı, 500 minə qədər insan istiliksiz qala bilərdi, lakin vəziyyət nəzarət altında saxlanılıb.

Donald Tusk əlavə edib ki, Polşa xüsusi xidmət orqanları kiberhücumların mənbəyi və məqsədləri ilə bağlı araşdırmaları davam etdirir.