SOCAR-ın Geofizika və Geologiya İdarəsinin və Azərbaycan Milli Geofizika Komitəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye və Bakı Dövlət universitetlərinin geofizika ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirildi.
Görüşdə Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinov SOCAR-ın ali təhsil ocaqlarında təhsil alan istedadlı tələbələrə ayırdığı diqqətdən, Dövlət Neft Şirkətinin tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün «Yay təcrübəsi proqramı»ndan, SOCAR-ın təqaüd proqramından ətraflı məlumat verdi. “Geofiziki işləri yüksək səviyyədə görmək üçün idarəmizdə kadr hazırlığına, gənclərin məsul işlərə cəlb edilməsinə, onların nəzəri və təcrübi biliklərinin zənginləşməsinə geniş diqqət yetirilir” deyən E.Şirinov geofizika və geologiya ixtisası üzrə təhsil alan tələbələri təcrübi biliklərinin artırılması, onları real iş şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması məqsədi ilə GGİ-nin strukturlarına dəvət etdi. Gənc mütəxəssislərin yetişdirilməsinə kömək məqsədilə idarənin ali təhsil ocaqları ilə də sıx əməkdaşlığının olduğunu diqqətə çatdıran GGİ-nin rəisi vurğuladı ki, bu kimi görüşlərin keçirilməsinin yeni nəsil neftçi geoloq və geofiziklərin yetişməsində, gənclərin yüksək səviyyəli mütəxəssislər kimi formalaşmasında müstəsna əhəmiyyəti var.
Azərbaycan Milli Geofizika Komitəsi İctimai Birliyinin sədri Şahvələd Köçərli görüşün əhəmiyyəti barədə məlumat verərək diqqətə çatdırdı ki, tələbələrlə görüşlər, onlar arasında viktorinaların təşkili gələcəkdə də davam etdiriləcək.
Tələbələrlə görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Tofiq Əhmədov, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Geofizika Departamentinin rəisi, BDU-nun “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının müdiri Əli Novruzov, GGİ-nin geofizika və geologiya üzrə rəis müavini Yusif Şıxəliyev, ADNSU-nun Geologiya fakültəsinin dekanı Nəriman Nərimanov, BDU-nun Geologiya fakültəsinin dekan müavini Təranə Təhməzova, ADNSU-nun “Geofizika” kafedrasının müdiri Vaqif Seyidov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun laboratoriya müdiri Bakir Məhərrəmov qeyd etdilər ki, bu kimi görüşlərin keçirilməsi geofizika ixtisası üzrə təhsil alan gənclərdə bu peşəyə marağın daha da artırılmasına xidmət edir.
Sonra hər universitetdən iki komanda olmaqla tələbələr arasında viktorina keçirildi. Tələbələrin cavabları münsiflər heyəti tərəfindən qiymətləndirildi.
Sonda viktorina qaliblərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.
Orxan Vahidoğlu, “İki sahil”