15 yanvar 2026 13:33
125

Ötən il 198 min nəfərə proaktiv sosial ödəniş təyin edilib

Ötən il Azərbaycanda ümumilikdə 198 min nəfərə proaktiv sosial ödəniş təyinatı aparılıb.

“İki sahil” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, proaktiv və rəqəmsal sosial xidmətlərə keçid çərçivəsində ötən il bu göstərici sosial müavinətlər üzrə 81 %, ​əmək pensiyaları üzrə 68 %, yaşa görə pensiya növü üzrə isə 85 % olub.

Sədr qeyd edib ki, ​DSMF-nin göstərdiyi 79 xidmətin 96 %-i elektronlaşdırılıb: "​Hazırda 46 xidmət proaktiv qaydada (vətəndaşın müraciəti və sənəd toplamasına ehtiyac olmadan) həyata keçirilir. ​2025-ci ildə 258 min proaktiv xidmət göstərilib ki, bunun 198 mini proaktiv sosial ödənişlərdir".

​Z. Mirzəyev bildirib ki, xəstəlik vərəqələrinə görə ödənişlər də ötən ilin may ayından etibarən real vaxt rejimində proaktiv qaydada həyata keçirilir və son 8 ayda 35 527 belə hal olub.