15 yanvar 2026 11:30
148

Ölkəmizdə yeni iri həcmli layihələr icra ediləcək

Müasir dövrdə infrastrukturun inkişafı hər bir dövlətin sosial-iqtisadi tərəqqisinin əsas şərtlərindən biri hesab olunur. İnfrastruktur layihələri təkcə yol, enerji və kommunikasiya xətlərinin çəkilməsi ilə məhdudlaşmır, eyni zamanda iqtisadi artımın sürətləndirilməsi, regionlararası tarazlığın təmin edilməsi, əhalinin rifahının yüksəldilməsi və ölkənin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Son illərdə Azərbaycan Respublikasında bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü layihələr ölkənin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilmişdir.

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədə ölkəmizdə son 20 ildə həyata keçirilmiş infrastruktur layihələrinə qiymət verilmiş, yeni layihələrin istiqaməti müəyyən edilmişdir.

Azərbaycanda son illərdə ən böyük irəliləyişlərdən biri nəqliyyat infrastrukturu sahəsində müşahidə olunur. Respublika əhəmiyyətli avtomobil yollarının yenidən qurulması, kənd və qəsəbələri əhatə edən yol şəbəkəsinin genişləndirilməsi regionların sosial-iqtisadi inkişafına ciddi təkan vermişdir. Bakı–Quba–Rusiya Federasiyası, Bakı–Şamaxı–Yevlax, Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi kimi əsas magistral yolların modernləşdirilməsi ölkədaxili yük və sərnişin daşımalarının keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltmişdir.

Enerji sahəsində həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində rolunu daha da möhkəmləndirmişdir. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması nəticəsində ölkənin enerji istehsalı potensialı əhəmiyyətli dərəcədə artmış, elektrik enerjisinin fasiləsiz təminatı təmin olunmuşdur. Xüsusilə regionlarda yeni yarımstansiyaların və ötürücü xətlərin istifadəyə verilməsi sənaye, kənd təsərrüfatı və sosial obyektlərin dayanıqlı fəaliyyətinə şərait yaratmışdır.

Əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi, - bu ölkələrin sayı ildən-ilə artır və bu il də yeni ölkələr bu siyahıya daxil ediləcək, - Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir.

Bununla yanaşı, alternativ və bərpa olunan enerji mənbələri sahəsində atılan addımlar Azərbaycanın “yaşıl enerji” strategiyasının formalaşdığını göstərir. Günəş və külək enerjisi layihələri həm ekoloji tarazlığın qorunmasına, həm də uzunmüddətli enerji dayanıqlığının təmin edilməsinə xidmət edir.

İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir.

Son 20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verir ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın.

Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır.

Ümumilikdə, son illərdə Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ölkənin iqtisadi potensialını gücləndirməklə yanaşı, sosial rifahın yüksəldilməsinə, regional inkişafın balanslaşdırılmasına və milli təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Bu layihələr uzunmüddətli strateji baxışa əsaslanaraq Azərbaycanın dayanıqlı inkişafını təmin edən əsas sütunlardan birinə çevrilmişdir.

Nəticə etibarilə, infrastrukturun ardıcıl şəkildə inkişaf etdirilməsi Azərbaycanın müasir, güclü və rəqabətqabiliyyətli dövlət kimi mövqeyini daha da möhkəmləndirir və ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Əminə Ağazadə,

Milli Məclisin deputatı