15 yanvar 2026 11:01
167

İçməli su və suvarma layihələri həmişə diqqət mərkəzində olub

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirildi. Müşavirədə səsləndirilən fikirlər bir daha Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində infrastruktur layihələrinin roluna işıq saldı. Cənab İlham Əliyev bildirdi ki, həm Bakıda, həm bütün bölgələrdə son illərdə genişmiqyaslı infrastruktur layihələri icra edilib. İyirimi il ərzində bir neçə Regional inkişaf proqramı qəbul edilib. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu.

2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri davamlılığı ilə diqqətdədir. Bu gün Azərbaycan  yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınır, nüfuz qazanır. Prezident  İlham Əliyev müşavirədə son 20 ildə icra olunan infrastruktur layihələrindən bəhs etdi. Vurğuladı ki, ilk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta biz elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə, bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılmışdır. Biz bu gün nəinki öz enerji tələbatımız haqqında, həmçinin  ixrac yolları haqqında düşünürük. Nəinki düşünürük, onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra,  necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir,  eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Buna nail olmaq üçün indi qonşu dövlətlərlə və bizim şirkətlərlə, qonşu ölkələrin şirkətləri ilə ciddi danışıqlar aparılır.

Bu gün həm magistral, həm kənd yolları, şəhərlərarası yollar, bu layihələr icra edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur.

İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapıb. Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilib və proses davam etdirilir. Son 20 ildə dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarları xüsusi qeyd edilir. Cənab İlham Əliyev bildirdi ki, əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi.

O da qeyd edildi ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Son 20 ildə görülən işlər qat-qat çoxdur. Layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq, su anbarlarının potensialını artırmaq, uçotu tam yaratmaq və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək.

Prezident İlham Əliyevin imzaladığı 2026-cı il 12 yanvar tarixli “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” bu sahədə mövcud problemlərin həllinə hədəflənib. Sənədin  əhəmiyyəti hədəflərdə özünün aydın ifadəsini tapır. Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edir. 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması əsas hədəf kimi qarşıya qoyulub. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək, yenidən qurulacaq. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq. Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir.  Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi  gündəlikdə duran məsələdir.

Fəxrəddin Vəliyev,
​YAP Şəmkir rayon təşkilatının sədri