15 yanvar 2026 08:41
172

Dövlət Proqramı su idarəçiliyində dönüş yaradacaq

Ekspert: Hesab edirəm ki, sözügedən Proqram irəliyə doğru çox mühüm bir addım olacaq

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həllinin həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutan məsələ olduğunu bildirən dövlətimizin başçısı təəssüflə vurğulayıb ki, bu ərazilərdə içməli su problemləri uzun illər ciddi problem kimi qarşımızda durur.  Məhz elə bu səbəbdən Prezident deyib: “Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır və demək olar ki, proqram hazırdır”.

Prezident, həmçinin qeyd edib ki, Proqramın əsas məqsədi Bakı şəhərini və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Genişmiqyaslı Proqramın 2035-ci ilə qədər icra olunması nəzərdə tutulur. Nəticədə Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq.

Coğrafiya üzrə fəlsəfə doktoru, su məsələləri üzrə ekspert Rövşən Abbasov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Bakı şəhəri və Abşeron yarımadası Azərbaycanda əhalinin ən çox məskunlaşdığı ərazidir: “Ölkə əhalisinin xeyli hissəsi burada yaşayır. Amma sözügedən ərazilərdə su ehtiyatlarının idarə olunmasında çoxsaylı problemlər mövcuddur. Bu da rayonun özünün su mənbələrinin olmamasından, bir çox ərazilərdə su infrastrukturunun köhnəlməsindən, həmçinin ötən əsrin 90-cı illərinin əvvələrində özbaşına məskunlaşma ilə bağlıdır.  Yeri gəlmişkən, həmin məskunlaşma zaman kanalizasiya və su xətləri çəkilərkən normativlərə əməl olunmayıb. Bu da çoxlu su itkilərinə şərait yaradıb. Hətta su itkisi 40 faizə yaxındır. Sözügedən müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün problemlərdən biri də bu kimi itkilərlə bağlıdır: “Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi”. Odur ki, itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Şübhəsiz, Proqramın icrası nəticəsində bu, kəskin azalacaq. Onu da qeyd edim ki, leysan yağışları da Bakı şəhərində nəqliyyatı iflic vəziyyətiə salır.  Bunun qarşısının alınması məqsədilə Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq ki, bunun da çox böyük faydası olacaq.

Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə inşa ediləcək duzsuzlaşdırma zavodu da bu prosesdə mühüm rol oynayacaq.  Xatırlatmaq istərdim ki, Xəzər dənizinin suyu o qədər də duzlu deyil, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaq. Prezidentin sözləri ilə desək, bu gün Bakıya beş mənbədən su daxil olur: “Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq və əlbəttə ki, bu axın tam təmin edilməlidir”.

Müsahimiz fikrini bu sözlərlə tamamladı: “Hesab edirəm ki, sözügedən Proqram irəliyə doğru çox mühüm bir addım olacaq. Bakı şəhərində və Abşeron yarımadasında nəqliyyat, şəhərsalma və ərazi inkişaf layihələri fonunda əhalinin dayanıqlı su təminatı yaxşılaşdırılacaq. Bir sözlə, bu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə öz töhfəsini verəcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil”