Ermənistan hakimiyyəti Rusiya sərhədçilərini Türkiyə ilə sərhəddəki Axurik keçid məntəqəsindən çıxarmağa hazırlaşır. Bu, o deməkdir ki, daha bölgədə Rusiyanın sərhəd qoşunlarına ehtiyac yoxdur.
Bu barədə məlumat verən "News.arm" saytı bildirib ki , Axurik keçid məntəqəsinin təhvil verilməsi barədə qərar artıq verilib və hətta orada bayraq dirəyi də qoyulub. Bununla yanaşı, bölgədəki Rusiya sərhədçiləri lazımsız qüvvə kimi zastavanın özündə qalacaqlar. Yəni, onlar gəliş-gedişə nəzarət etməyəcəklər. Onlar ümumiyyətlə, heç bir məsələyə qarışmayacaq, sadəcə Ermənistandan çıxıb gedənə qədər mövcud olacaqlar.
Hazırda Türkiyəyə aparan dəmir yolu xəttinin ifrastrukturu planlaşdırılır.
Qeyd etmək lazımdır ki, digər mənbələrə görə, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsinin yaxınlığında tikinti işlərinə başlayıb. Buna görə də bir tərəfdən Türkiyə tərəfində tikinti işlərinin başlanması, digər tərəfdən isə Axurikdən istifadənin gözlənilməsi yaxın gələcəkdə sərhədi açmaq üçün ciddi niyyətlərdən xəbər verir. Bu isə ilk növbədə Ermənistana daha çox əlverişli olacaq. Çünki natamam rəqəmlərə görə, Türkiyədə hazırda 70-80 mindən artıq erməni yaşayır və orada ticarətlə məşğul olurlar. Onların aralarında elə iş adamları var ki, milyonların sahibidir, böyük şirkətləri, bahalı evləri, avtomobilləri, cah-cəlallı mülkləri var. Təbii ki, sərhəd açılan kimi onlar Ermənistana gəlib bizneslərini genişləndirməyə çalışacaqlar. Dəmir yolu çəkiləndən sonra Türkiyədən Ermənistana və əks istiqamətə qatarlar işləyəcək. Qatarlar həm yük, həm də sərnişin daşınmasında istifadə ediləcək. Yol infrastrukturunun saxlanmasında hər iki tərəfdən yüzlərlə insan özünə iş yeri tapacaq.
Qeyd edək ki, keçən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh razılaşmalarından sonra qardaş Türkiyə sərhədin açılmasına, əlaqələrin yaranmasına şərait yaratdı. İki dəfə Qazaxıstan taxılının Ermənistana daşınmasına öz ərazisindən icazə verən Azərbaycan ardınca qonşu ölkəyə iki qatar yanacaq da göndərdi. Ermənistan hökuməti bunları yüksək qiymətləndirdi və bununla da qarşılıqlı etimad mühiti yarandı. Azərbaycanın humanist addımları xarici ölkələrin mətbuatında təqdir edildi, bu barədə çoxlu məqalələr yazıldı. Ermənistan rəsmiləri mətbuata açıqlama verərək bildirirlər ki, Bakı yanacaq göndərəndən sonra ölkədə benzin xeyli ucuzlaşıb.
Amma bundan ağzıburuq qalanlar da oldu. Ermənistanda revanşistlər, daşnaklar, keşişlər, “Qarabağ klanı”nın üzvləri və digər iddialı qruplar narazılıqlarını bildirdilər. Onlar baş nazir Nikol Paşinyanı təhqir etməkdən belə çəkinmədilər. Azərbaycanla yeni müharibə istəyənlər xarici ağalarına qul sədaqətlərini bildirmək üçün cəmiyyətə çağırış etdilər. Ancaq “dəyirman bildiyini işlədər, çax-çax baş ağrıdar”-deyiblər. Övladları müharibədə həlak olan, yersiz iddialara qurban gedən minlərlə valideyn Nikol Paşinyanın mövqeyini dəstəkləyir.
Əllərindən bir “iş” gəlməyən həmin qüvvələr hazırda xarici ağalarının planına uyğun olaraq Nikol Paşinyanı yayda keçiriləcək parlament seçkilərində məğlub etmək və vəzifədən uzaqlaşdırmaq barədə düşünürlər. Bu məsələdə onlara casuslar da dəstək verirlər. Ancaq Nikol Paşinyanın mövqeyi daha güclüdür. Onun arxasında ABŞ, Avropa dövlətləri və erməni cəmiyyətinin böyük hissəsi dayanır. Məqsəd Rusiyanın əlini Cənubi Qafqazdan üzmək və buradakı nüfuzunu tamamilə sarsıtmaqdır. Bunun üçün Rusiyanın sərhəd qoşunlarının ölkədən çıxarılması mühüm addım sayılır. Dediyimiz kimi, artıq bu məsələnin həllinə əl qoyulub.
Dediyimiz kimi, parlament seçkilərində də Nikol Paşinyan güclü tərəf olacaqdır. Çünki onun rəqiblərinin hər biri hakimiyyət iddiasındadır. Qələbə qazansalar belə heç biri yüksək kürsünü başqasına vermək istəməz. Parlament seçkilərində təxminən altı-yeddi belə qrup var. Məsələn, Serjik Sarkisyan qazandığı səsləri Robert Koçaryana güzəştə gedərmi? Qətiyyən getməz. Baxmayaraq ki, onların hər ikisi “Qarabağ klanı”nın aparıcı üzvləridir. Seyran Ohanyan, Samvel Karapetyan və başqaları da baş nazirlik iddiasındadır. Seçkilərin həlledici məqamında onlar canavar kimi göz-gözə duracaqlar.Beləliklə, cəmiyyət çalxalandıqca “yağı yağ, ayranı bir yanlıq olur”, yəni kimin Ermənistana, kimlərinsə xarici ağalarına qulluq edəcəyi bəri başdan məlum olur. Bu “təqdimat”lar ölkəyə xəyanət edənləri tanıdacaq, seçicilər parlament seçkilərində Nikol Paşinyana üstünlük verəcəklər. Hadisələr erməni cəmiyyətinin gözləri qarşısında baş verdiyinə görə Nikol Paşinyan asanlıqla əlavə xal qazanır.
Vəli İlyasov, “İki sahil”