14 yanvar 2026 18:12
118

Gələcək nəsillər üçün sağlam mühit

Bu Proqramın icrası gələcək nəsillər üçün daha təhlükəsiz, ekoloji cəhətdən sağlam mühitin formalaşmasına xidmət edəcək.

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilmişdir.

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” ölkənin ən sıx məskunlaşmış, sənaye və xidmət sektorunun cəmləşdiyi ərazidə su təsərrüfatının köklü şəkildə yenilənməsini hədəfləyir. Proqramın əsas məqsədi mövcud problemləri – su qıtlığını, köhnəlmiş infrastrukturun yaratdığı itkiləri, yağış sularının yaratdığı lokal daşqın risklərini və tullantı sularının ekoloji fəsadlarını aradan qaldırmaq, paralel olaraq isə müasir idarəetmə və rəqəmsal texnologiyalar əsasında dayanıqlı su idarəçiliyinə keçidi təmin etməkdir.

İlk növbədə, su təchizatının dayanıqlığının artırılması və alternativ su mənbələrinin yaradılması Bakı və Abşeron üçün strateji məsələdir. Regionun iqlim şəraiti, sürətli urbanizasiya, əhali sayının və istehlakın artması içməli suya tələbatı yüksəldir. Bu baxımdan, Dövlət Proqramı mövcud su mənbələrindən istifadənin optimallaşdırılmasını, yeni su tutarlarının, su anbarlarının və zəruri hallarda dəniz suyunun duzsuzlaşdırılması kimi alternativ texnologiyaların tətbiqini nəzərdə tutur. İnfrastrukturun yenilənməsi su xətlərinin mərhələli şəkildə dəyişdirilməsi, köhnə boru kəmərlərinin modern materiallarla əvəzlənməsi və nasos stansiyalarının daha enerji-effektiv avadanlıqlarla təchiz edilməsi deməkdir. Bu, həm də suyun keyfiyyətinin yüksəlməsinə, nasazlıqların azalmasına və fasiləsiz su təminatına şərait yaradır.

Su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi proqramın digər mühüm istiqamətidir. Bakı və Abşeron yarımadasında yeni yaşayış massivlərinin, çoxmərtəbəli binaların, sənaye və xidmət obyektlərinin sürətli artımı mövcud şəbəkələrin yüklənməsini artırır və bir sıra ərazilərdə ümumiyyətlə mərkəzləşdirilmiş şəbəkəyə qoşulma imkanı məhdud qalır. Dövlət Proqramı yeni su və kanalizasiya xətlərinin çəkilməsini, mövcud şəbəkələrin ötürücülük qabiliyyətinin artırılmasını, əvvəllər sistemdən kənar qalmış məhəllə və yaşayış zonalarının mərkəzləşdirilmiş şəbəkəyə qoşulmasını hədəfləyir. Bunun nəticəsində, qeyri-rəsmi və təhlükəli su mənbələrindən asılılıq azalacaq, sanitar-gigiyenik şərait yaxşılaşacaq və əhalinin sosial rifahına müsbət təsir göstərəcək.

Yağış suları risklərinin aradan qaldırılması da Proqramda əsas prioritet kimi müəyyən olunub. İqlim dəyişiklikləri ilə əlaqədar qeyri-sabit hava hadisələri – intensiv qısa müddətli yağıntılar, leysanlar – şəhər mühitində tez-tez lokal daşqınlara, yolların, yaşayış binalarının, ticarət obyektlərinin zərər görməsinə səbəb olur. Mövcud yağış-kanalizasiya sisteminin köhnə və qeyri-kafi olması bu riskləri daha da artırır. Proqram çərçivəsində yağış suları şəbəkəsinin yenilənməsi, yeni kollektorların, yağış sularının toplanması və yönləndirilməsi üçün sistemlərin qurulması, habelə yağış sularının müəyyən hissəsinin texniki məqsədlərlə (yaşıllaşdırma, texniki su ehtiyacları və s.) istifadəsini nəzərdə tutan həllər planlaşdırılır. Bu, həm şəhər içi daşqın risklərini azaldacaq, həm də əlavə su resursu kimi yağış suyundan daha səmərəli istifadəyə şərait yaradacaq.

Tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması Proqramın ekoloji yönümlü komponentidir. Bakı və Abşeron kimi sıx məskunlaşmış və sənayeləşmiş ərazilərdə tullantı sularının lazımi səviyyədə təmizlənmədən təbiətə axıdılması dəniz ekosistemlərinə, torpaq və yeraltı sulara ciddi ziyan vura bilər. Dövlət Proqramı çərçivəsində yeni tullantı su təmizləyici qurğularının inşası, mövcud qurğuların gücünün və texniki səviyyəsinin artırılması, bioloji və kimyəvi təmizləmə proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması hədəflənir. Təmizlənmiş tullantı sularının müəyyən hissəsinin texniki məqsədlər üçün yenidən istifadəsi də su ehtiyatlarının qorunmasına xidmət edəcək. Nəticə etibarilə, Xəzər dənizinin sahilyanı sularının çirklənmə səviyyəsinin azalması, şəhər ekosistemində sağlamlığın və yaşayış keyfiyyətinin yüksəlməsi gözlənilir.

Su sektorunda rəqəmsal idarəetmə, SCADA (nəzarətçi idarəetmə və məlumatların toplanması) və IoT (əşyaların interneti) sistemlərinin tətbiqi proqramın innovativ tərəfini təşkil edir. Ənənəvi idarəetmə üsulları ilə böyük və mürəkkəb su təsərrüfatı sistemlərini operativ və çevik şəkildə idarə etmək çətindir. SCADA və IoT həlləri sayəsində su və kanalizasiya şəbəkələrinin əsas nöqtələrində onlayn monitorinq aparılması, təzyiq, axın, su keyfiyyəti göstəricilərinin real vaxt rejimində izlənməsi, qəza və sızmaların erkən aşkar edilməsi mümkün olacaq. Bu isə operativ qərarların verilməsini asanlaşdırır, xidmət keyfiyyətini yüksəldir və iqtisadi baxımdan xərcləri azaldır. Eyni zamanda, rəqəmsal idarəetmə istehlakçıların fərdi hesablaşmalarında şəffaflığı artırır, məsafədən oxunan sayğaclar və ağıllı idarəetmə texnologiyaları ilə su sərfiyyatının daha səmərəli planlaşdırılmasına yardım edir.

Su itkisinin idarə edilməsinin effektiv monitorinqinin təmin edilməsi Dövlət Proqramının mühüm hədəflərindən biridir. Su itkiləri həm texniki (şəbəkədə sızmalar, nasaz avadanlıqlar), həm də kommersiya (qeyri-leqal qoşulmalar, qeyri-dəqiq hesablaşmalar) səbəblərdən baş verir və nəticədə böyük həcmdə içməli su itirilir. Bu, həm resurs israfına, həm də maliyyə itkisinə gətirib çıxarır. Proqram çərçivəsində sızmaların xəritələşdirilməsi, zonalara bölünmüş ölçmə və nəzarət sistemlərinin qurulması, itkilərin səviyyəsinin daimi izlənməsi, köhnə şəbəkə seqmentlərinin üstünlük təşkil etdiyi riskli sahələrin prioritet qaydada yenilənməsi nəzərdə tutulur. Bununla yanaşı, əhali və müəssisələr arasında suya qənaət mədəniyyətinin təşviqi, maarifləndirmə tədbirləri də su itkilərinin azaldılmasına töhfə verəcək.

Ümumilikdə, 2026–2035-ci illəri əhatə edən bu Dövlət Proqramı yalnız texniki-infrastruktur layihələrinin məcmusu deyil, həm də su ehtiyatlarının idarə edilməsində yeni mərhələyə keçid strategiyası kimi dəyərləndirilə bilər. Su təchizatının dayanıqlığı, yağış və tullantı sularının səmərəli idarə edilməsi, rəqəmsal texnologiyaların tətbiqi və ekoloji tələblərə uyğunlaşma Bakı şəhəri və Abşeron yarımadası üçün uzunmüddətli sosial-iqtisadi sabitliyin, sağlam şəhər mühitinin və dayanıqlı inkişafın əsas şərtlərindəndir. Bu Proqramın ardıcıl və effektiv icrası gələcək nəsillər üçün daha təhlükəsiz, ekoloji cəhətdən sağlam mühitin formalaşmasına xidmət edəcək.

Ehtibar İsmayılov,
YAP Ordubad rayon təşkilatının sədri