14 yanvar 2026 15:38
95

Fransa Qrenlandiyada ilk konsulluğunu BU TARİXDƏ AÇACAQ

Fransa Qrenlandiyada ilk konsulluğunu 6 fevral tarixində açacağını elan edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Politico" nəşrinə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.

Nazirin sözlərinə görə, adanın paytaxtı Nuuk şəhərində diplomatik nümayəndəliyin açılması “siyasi siqnal” xarakteri daşıyır. Barro bu addımı ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı ambisiyalarına cavab kimi qiymətləndirib.

Xatırladaq ki, daha əvvəl Bloomberg agentliyi Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldtin Ağ Evdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüş keçirəcəyini yazmışdı. Həmin səfərin əsas məqsədi Vaşinqtonu Qrenlandiyanı ələ keçirməklə bağlı ideyalardan imtina etməyə inandırmaqdır.

Yanvarın 13-də Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen Danimarka hökumətinin başçısı ilə birgə keçirdiyi brifinqdə bəyan etmişdi ki, ada ABŞ-ın tərkibinə daxil olmayacaq və Vaşinqtondan idarə edilməyəcək.

Müşahidəçilərin fikrincə, Fransanın Qrenlandiyada konsulluq açması Arktika bölgəsində artan geosiyasi fəallığın və Avropa ölkələrinin ABŞ-ın bölgə ilə bağlı planlarına qarşı daha açıq mövqe sərgiləməsinin göstəricisi kimi dəyərləndirilir.