Kanadanın baş naziri Mark Karni Çinə ilk rəsmi səfərinə başlayır. Yanvarın 15–16-da Kanada hökumət başçısının Çin rəhbərliyi ilə keçirəcəyi görüşlər bir neçə il əvvəl kəskin qarşıdurma həddinə çatan ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Ottavanın hesablamalarına görə, Pekin Kanada üçün yeni iqtisadi imkanlar aça bilər. Bu gözləntilər xüsusilə Kanadanın ABŞ-la münasibətlərinin, ilk növbədə ticarət sahəsində, sürətlə pisləşdiyi bir dövrdə aktuallaşır. Rəsmi Ottava Çin bazarını və investisiya imkanlarını ABŞ-la əməkdaşlıqda yaranan itkiləri qismən kompensasiya edə biləcək alternativ kimi dəyərləndirir.
Bununla belə, Mark Karnini Pekində olduqca mürəkkəb diplomatik sınaq gözləyir. Kanada baş nazirinin əsas vəzifəsi iqtisadi üstünlüklər naminə siyasi baxımdan Çinə həddindən artıq güzəştə getməmək, eyni zamanda, bu səfəri diqqətlə izləyəcək ABŞ-ı daha da qıcıqlandırmamaqdır. Vaşinqtonun Kanadanın Çinlə yaxınlaşmasına həssas yanaşdığı bir şəraitdə bu balansı qorumaq Ottava üçün son dərəcə çətin olacaq.
Müşahidəçilərin fikrincə, Mark Karninin Çinə səfərinin nəticələri təkcə Kanada–Çin münasibətlərinə deyil, həm də Şimali Amerikanın ümumi geosiyasi və iqtisadi mənzərəsinə təsir göstərə bilər.
Kanada ilə Çin arasındakı münasibətlər siyasi və ideoloji ziddiyyətlər səbəbindən hər zaman, ən azı, mürəkkəb olub. Lakin 2018-ci ildə bu münasibətlər son həddə qədər gərginləşdi. Buna səbəb ABŞ-ın tələbi ilə Vankuverdə Huawei şirkətinin təsisçisinin qızı Men Vançjounun həbs edilməsi oldu. ABŞ onu İrana qarşı sanksiyaların pozulması ilə bağlı fırıldaqçılıqda ittiham edirdi. Buna cavab olaraq Çin casusluq ittihamı ilə iki Kanada vətəndaşını saxladı.
2021-ci ildə Men Vançjou istintaqla razılaşma əldə etdikdən sonra Çinə qayıtmasına icazə verildi. Bundan dərhal sonra isə Çində saxlanılan iki kanadalı azad edilərək Ottavaya təhvil verildi. Bununla belə, bu insidentlərin aradan qalxmasına baxmayaraq, iki ölkə arasındakı münasibətlər əvvəlki normal məcrasına qayıtmadı.
Son illərdə Çini Kanada daxili siyasətinə müdaxilədə tez-tez və açıq şəkildə ittiham ediblər. Pekin isə bu iddiaları dəfələrlə rədd edib. Qeyd edək ki, Kanada hakimiyyətinin apardığı və xarici müdaxilə məsələsinə həsr olunmuş açıq istintaq da Çinin son federal seçkilərə təsirinin minimal olduğunu göstərib.
Kanadanın baş naziri vəzifəsinə bir ildən də az əvvəl başlayan Mark Karni xarici siyasətdə uzun müddət Pekinlə münasibətlərin bərpasından daha aktual problemlərlə məşğul olub. Bu problemlərdən biri də ABŞ-la ticarət əlaqələrində davam edən qeyri-müəyyənlikdir. Vaşinqtonun Kanada poladı, alüminiumi və avtomobil sənayesinə tətbiq etdiyi artırılmış rüsumlar Ottavanı yeni çıxış yolları axtarmağa vadar edib.
Məhz bu şərait Mark Karnini Çinlə münasibətləri yenidən qurmağa cəhd göstərməyə sövq edib. Kanada rəhbəri ilk növbədə ABŞ-dan kənarda yeni iqtisadi imkanlar tapmaq niyyətindədir. Axı hələ yaxın keçmişdə Kanada ixracının təxminən dörddə üçü məhz ABŞ bazarının payına düşürdü.
Finlandiyada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək