14 yanvar 2026 13:30
119

Azərbaycan içməli su mənbələrinin dayanıqlığını artıracaq

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunan müşavirə keçirilib. Həmin gün həmçinin dövlət başçısının Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Ölkə başçısı Dövlət Proqramının müzakirəsi zamanı qeyd edb ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistemli şəklində öz həllini tapır. Bu Proqramın icrası nəticəsində Azərbaycan içməli su mənbələrinin dayanıqlığını artıracaq, su şəbəkələrinin uçot sistemləri təkmilləşdiriləcək və alternativ su mənbələrindən istifadə ediləcək. Proqramın uzunmüddətli məqsədləri Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılaraq, müasir su təchizatı xidmətlərinin göstərilməsi və ölkənin su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq.Su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Ölkənin su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Ölkənin digər əsas su mənbələri isə Kür, Araz və Samur çayları isə xaricdə formalaşdəğından bu həssas məsələ nəzərə alınmalıdır.

Dövlət Proqramının Tədbirlər Planı su təchizatı və tullantı sularının idarə olunması sistemlərinin inkişafı, su sektorunda təbii fəlakət risklərinin və ekoloji dayanıqlığın idarə edilməsinin təmini və su sektorunda innovasiya və rəqəmsallaşması kimi üç əsas prioriteti özündə əks etdirir.

Qeyd edək ki, Dövlət Proqramında ciddi infrastruktur layihələrinin maliyyə yükünün ilkin mərhələdə dövlət-özəl əməkdaşlığı və beynəlxalq maliyyə qurumlarının kredit və qrant imkanları vasitəsilə qarşılanması nəzərdə tutulur. Bu yanaşma proqramın həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin təmin edilməsində mühüm rol oynayacaq. Bu, dövlət büdcəsinin daha optimal idarə edilməsi ilə yanaşı, xarici borcun azaldılması və beynəlxalq maliyyə qurumları ilə güclü əməkdaşlığın genişlənməsinə imkan verəcək.

Anar Nəbiyev,

YAP İsmayıllı rayon təşkilatının sədr müavini