12 yanvar 2026 14:18
106

Milli enerji təhlükəsizliyindən qlobal “yaşıl gələcəyə”

Bədəl Bədəlov,
Milli Məclisin deputatı

Yanvarın 8-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) rəsmi açılışı enerji siyasətində yeni mərhələnin təcəssümünə çevrilib. 240 meqavat gücə malik bu stansiyanın istismara verilməsi həm növbəti texniki layihənin tamamlanması, həm də uzunmüddətli strateji baxışın real nəticəsidir. Yeni generasiya gücünün fəaliyyətə başlaması enerji balansının möhkəmləndirilməsinə, artan tələbatın ödənilməsinə və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

Stansiyanın təməli 2022-ci ilin yanvarında qoyulub və ötən illər ərzində aparılan ardıcıl, peşəkar iş artıq konkret nəticə ilə yekunlaşıb. Layihənin uğurla icra olunması beynəlxalq və yerli tərəfdaşlar arasında formalaşmış səmərəli əməkdaşlığın bariz nümunəsidir. Xüsusilə investor qismində çıxış edən “ACWA Power” şirkətinin həmin sahədəki fəaliyyəti diqqətəlayiqdir. Şirkət üçün həmin layihə ölkəmizdə ilk olsa da, perspektiv planlar göstərir ki, bərpaolunan enerji istiqamətində əməkdaşlıq daha da dərinləşəcək. Bununla yanaşı, Xəzər suyunun duzsuzlaşdırılması kimi innovativ və strateji əhəmiyyətli layihələrin də məhz bu çərçivədə icra olunması nəzərdə tutulur.

Layihədə baş podratçı kimi iştirak edən “Power China” şirkətinin rolu da xüsusi vurğulanır. Qlobal miqyasda böyük təcrübəyə malik olan bu şirkətin təkcə podratçı deyil, gələcəkdə investor qismində də yeni təşəbbüslərlə çıxış etməsi planlaşdırılır. Həmin amil energetika sektorunda beynəlxalq etimadın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir.

Son illər ərzində enerji sisteminin yenilənməsi, müasirləşdirilməsi və genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib, ümumi istehsal potensialı əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıb. Bu gün böyük generasiya gücü enerji təhlükəsizliyi baxımından möhkəm zəmin yaradır. Ənənəvi və bərpaolunan mənbələrinin paralel inkişafı balanslı və dayanıqlı modelin formalaşmasını təmin edir. Mingəçevirdə istifadəyə verilmiş güclü ənənəvi stansiya ilə yanaşı, Qaradağda Günəş elektrik stansiyası, Cəbrayılda inşa edilən yeni obyektlər və “Xızı-Abşeron” külək stansiyası həmin strategiyanın ardıcıl icrasını göstərir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında Prezident İlham Əliyevin vurğuladığı kimi, son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır: “Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək”.

Bərpaolunan enerji layihələrinin coğrafiyası sürətlə genişlənir. Biləsuvar, Neftçala, Naxçıvan və azad edilmiş ərazilərdə nəzərdə tutulan yeni stansiyalar göstərir ki, mövcud təbii potensialdan maksimum səmərə ilə istifadə olunur. Xüsusilə Xəzər dənizinin külək ehtiyatları beynəlxalq qiymətləndirmələrə görə onlarla giqavat səviyyəsindədir və və bu amil gələcək üçün geniş perspektivlər təqdim edir. Həmin potensial regionda etibarlı enerji mərkəzi statusunu daha da möhkəmləndirir və yüksək enerji tutumlu sahələr – süni intellekt, data mərkəzləri və müasir sənaye infrastrukturu üçün əlverişli şərait yaradır.

Enerji siyasətinin mühüm istiqamətlərindən biri də saxlanma infrastrukturunun qurulmasıdır. Bu məqsədlə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sisteminin yaradılmasına başlanılıb. İlkin mərhələdə 250 meqavatlıq layihənin icrası artan bərpaolunan potensialın effektiv idarə olunmasına xidmət edəcək. Gələcəkdə bu sistemlərin sayının artırılması üçün xarici investorların da cəlb olunması planlaşdırılır.

İmzalanmış müqavilələrə əsasən, qarşıdakı illərdə külək və Günəş stansiyalarının ümumi gücü bir neçə giqavat səviyyəsinə çatdırılacaq. Bununla yanaşı, son illərdə Qarabağ və Şərqi Zəngəzurda inşa edilmiş onlarla kiçik su elektrik stansiyası enerji sisteminə əlavə dayanıqlıq gətirib. Azad edilmiş ərazilərdə mövcud hidroenerji xəritəsi gələcəkdə daha yüzlərlə meqavatlıq potensialın reallaşdırılacağını göstərir. Bütün bu obyektlərin vahid şəbəkəyə inteqrasiyası enerji axınlarının çevik idarə olunmasını təmin edir.

Bərpaolunan enerji layihələrinin əsas hissəsinin xarici investorlar tərəfindən həyata keçirilməsi investisiya mühitinə olan etimadın göstəricisidir. Bu sahəyə yüz milyonlarla dollar həcmində sərmayə qoyulub. Uzun illərdir icra olunan enerji kontraktlarında dəyişməzlik prinsipi, qəbul edilmiş qərarlara sadiqlik və hüquqi sabitlik investorlar üçün əsas təminatdır. Həmin yanaşma etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.

Enerji təhlükəsizliyinin qlobal gündəmdə xüsusi yer tutduğu bir dövrdə aparılan bu siyasət nəticəsində neft, qaz, elektrik enerjisi və sənaye məhsullarının ixracı bir çox tərəfdaş üçün strateji əhəmiyyət daşıyır. Məsuliyyətli yanaşma, uzunmüddətli baxış və qarşılıqlı etimad üzərində qurulan əməkdaşlıq nəticəsində energetika sahəsində əldə olunan nailiyyətlər beynəlxalq miqyasda yüksək dəyərləndirilir.

Beləliklə, “Xızı-Abşeron” KES-in açılışı görülmüş işlərin məntiqi yekunu olmaqla yanaşı, qarşıdakı illər üçün aydın yol xəritəsini də ortaya qoyur. Bu layihə yaşıl enerjiyə keçidin, iqtisadi dayanıqlığın və enerji təhlükəsizliyinin bir-birini tamamladığını göstərən mühüm nümunədir. Həmin strategiya yaxın gələcəkdə daha böyük nəticələrin əldə olunacağına tam əsas yaradır.