11 yanvar 2026 11:30
248

Azərbaycanın yaşıl enerji strategiyasında yeni mərhələ

8 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Bu mühüm hadisə Azərbaycanın enerji siyasətində, xüsusilə bərpaolunan enerji sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü strategiyanın növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir.

Dövlət başçısı çıxışında bu günün ölkə üçün əlamətdar olduğunu vurğulayaraq bildirdi ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji potensialını daha da gücləndirir və milli enerji təhlükəsizliyinə mühüm töhfə verir. 240 meqavat gücündə olan bu stansiya ölkənin elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırır.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan son illər ərzində ənənəvi enerji resursları ilə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrinin inkişafını da prioritet istiqamət kimi müəyyənləşdirib. Bu yanaşma həm qlobal iqlim dəyişiklikləri ilə mübarizə, həm də uzunmüddətli dayanıqlı inkişaf məqsədlərinə xidmət edir. “Xızı-Abşeron” layihəsi məhz bu strateji xəttin praktik təzahürüdür.

Çıxışda xüsusi olaraq vurğulandı ki, yeni külək elektrik stansiyasının fəaliyyəti nəticəsində ildə yüz minlərlə ton karbon emissiyasının qarşısı alınacaq. Bu isə Azərbaycanın beynəlxalq ekoloji öhdəliklərinə sadiqliyini və “yaşıl enerji”yə keçid istiqamətində real addımlar atdığını bir daha nümayiş etdirir.

Dövlət başçısı, eyni zamanda, bərpaolunan enerji sahəsində xarici investorlarla qurulan səmərəli əməkdaşlığın əhəmiyyətinə toxundu. O, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasında iştirak edən tərəfdaşlara təşəkkürünü bildirərək qeyd etdi ki, Azərbaycan etibarlı tərəfdaş və cəlbedici investisiya məkanı kimi mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyev gələcək planlardan da danışaraq ölkənin müxtəlif regionlarında, o cümlədən azad edilmiş ərazilərdə yeni günəş və külək elektrik stansiyalarının yaradılacağını bildirdi. Bu layihələr həm regionların iqtisadi dirçəlişinə, həm də Azərbaycanın enerji balansının şaxələndirilməsinə xidmət edəcək.

Bir daha qeyd etməliyik ki, Prezident İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı zamanı irəli sürdüyü məqamlar Azərbaycanın enerji siyasətinin əsas prioritetlərini— dayanıqlı inkişafı, ekoloji məsuliyyəti, enerji təhlükəsizliyini bariz şəkildə ifadə etməklə yanaşı, ölkənin yaşıl enerji gələcəyinə doğru atdığı inamlı addımların  inkişaf strategiyasını açıqlayan əhəmiyyətli bir hadisədir.

Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini