06 yanvar 2026 16:45
437

Paltar və qab yuyan, yemək hazırlayan ev robotu: CLOiD təqdim edidli

Ev işlərini insanın əvəzinə yerinə yetirən robot ideyası onilliklərdir populyar mədəniyyətin ayrılmaz hissəsi hesab olunur. Lakin indiyədək bu ideya əsasən əyləncəli, lakin praktik tətbiqdən uzaq texnoloji nümayişlərlə məhdudlaşıb. Şirkət CES 2026-da təqdim etdiyi CLOiD adlı yeni ev robotu ilə bu yanaşmanı dəyişdirməyi hədəfləyir. Şirkətin ilk çoxməqsədli ev robotu olan CLOiD qab-qacaq boşaltmaq, paltarları qatlamaq, sadə mətbəx işlərini yerinə yetirmək və ağıllı ev sistemlərini idarə etmək imkanlarına malikdir.

Məlumata görə, robot qab yuyan maşının boşaldılması, yuyulmuş geyimlərin səliqəyə salınması, soyuducudan ərzaq götürülməsi və səhər yeməyinin hazırlanması kimi gündəlik ev tapşırıqları üçün nəzərdə tutulub.

CLOiD “LG”nin “ThinQ” ağıllı ev ekosistemi ilə inteqrasiya olunub və evdəki uyğun məişət texnikası arasında əlaqələndirici rol oynayır. Bildirilir ki, robotun funksiyalarından tam istifadə üçün ekosistemə aid cihazların mövcudluğu vacibdir.

Robot baş hissədən, iki oynaqlı qoldan və avtonom hərəkət edən təkərli bədəndən ibarətdir. Qollar 7 sərbəstlik dərəcəsinə, əllər isə beş müstəqil hərəkətli barmağa malikdir. Bu, CLOiD-in mətbəxdə, camaşırxanada və yaşayış sahələrində müxtəlif ölçü və formalı əşyaları tutmasını mümkün edir. Təkərli baza LG-nin robot tozsoranlar sahəsində əldə etdiyi təcrübəyə əsaslanır. Aşağı ağırlıq mərkəzi sayəsində uşaqlar və ev heyvanları ilə təmas zamanı aşma riskinin minimuma endirildiyi bildirilir.

Şirkət CES 2026 sərgisi müddətində CLOiD-i daha geniş şəkildə nümayiş etdirəcəyini və onun imkanlarına xüsusi diqqət yetirəcəyini açıqlayıb. Robotun real şəraitdə, xüsusilə paltar qatlama kimi dəqiq və həssas işlərdə necə performans göstərəcəyi isə praktik sınaqlar nəticəsində məlum olacaq.

 Orxan Vahidoğlu, “İki sahil”