Bu gün Biləsuvar və Lənkəran rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Məlumata görə, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq.
Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində və rayonun Ağayrı, Aşağı Cürəli, Bəydili, Çaylı, Dərvişli, Əliabad, Əsgərabad, Xırmandalı, Yuxarı Cürəli, Zəhmətabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Lənkəran EŞ-nin ərazisində 35 kV-luq "Hirkan" hava xəttində də təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Gərmətük, Hirkan qəsəbələri, Kosalar, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.