31 dekabr 2025 00:57
100

Niyə tox olsaq da, mədəmizdə şirniyyata yer tapırıq?

Bəzən insan həddindən artıq doyduğunu hiss etsə də, yeməyin ardından onda şirniyyat yemək istəyi yaranır. Sanki əsas yeməklər üçün yer qalmayıb, amma desert üçün mədədə ayrıca boşluq var.

Yaponlar bu hissi “betsubara” sözü ilə ifadə edir. Bu söz “ayrı mədə” mənasını verir. Əlbəttə ki, insanın həqiqətən ayrı mədəsi yoxdur. Ancaq Bristol Universitetinin anatomiya üzrə mütəxəssisi, doktor Mişel Spir bu halın elmi izahı olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, mədə elastik və uyğunlaşa bilən orqandır. Yemək zamanı “qastrik adaptasiya” prosesi baş verir, yəni mədə əzələləri boşalır və təzyiq artmadan əlavə tutum yaranır. Xüsusilə yumşaq və şirin qidalar mədəni çox yükləmir.

Ağır əsas yemək şişkinlik hissi yaratsa da, dondurma və ya mus kimi yüngül desertlər mədənin iş yükünü çətinləşdirmədiyindən rahatlıqla qəbul oluna bilir. Bu səbəbdən mədə bir qədər də genişlənərək şirniyyata yer aça bilir.

Bununla yanaşı, şirniyyat istəyi təkcə fiziki deyil, həm də psixoloji səbəblərlə bağlıdır. Bu il “Science” jurnalında dərc olunan araşdırmaya görə, bu xüsusiyyət yalnız insanlara xas deyil. Araşdırma zamanı siçanların tam doyduqdan sonra belə şirin qidaları yeməyə davam etdikləri aşkarlanıb. Alimlər müəyyən ediblər ki, şəkər qəbul edilərkən beyində beta-endorfin adlı maddə ifraz olunur. Bu maddə həzz duyğusunu aktivləşdirir.

Araşdırmanın müəllifləri bu mexanizmin insanlarda da mövcud olduğunu təsdiqləyib. Beyindəki bu “mükafat sistemi” yüksək şəkərli qidalara olan istəyi gücləndirir.

Digər mütəxəssislər isə bildiriblər ki, fərqli dadın varlığı iştahı yenidən oyadır. Əsas yeməyini bitirə bilməyəcəyini düşünən bir çox insanlar qəflətən bir az desert yeyə biləcəyini anlayır, çünki desertin fəqlənən dadı onların motivasiyasını canlandırır. Bundan əlavə, toxluq hissini yaradan hormonların təsiri dərhal ortaya çıxmır. Bu hormonların tam təsir göstərməsi 20-40 dəqiqə çəkə bilər. Bu müddətdə verilən qərarlar çox vaxt beynin "mükafat sistemi" tərəfindən yönləndirilir.

Alimlər vurğulayırlar ki, şirniyyat adətən bayram, əyləncə və istirahət ilə əlaqələndirildiyi üçün sosial və emosional amillər də bu istəyi gücləndirir. Bununla yanaşı, alimlərin sözlərinə görə, şirin bir şey yedikdə sadəcə şəkər qəbul etmirik, eyni zamanda, bu şirin dadı zövqlə əlaqələndirən və bizi onu yeməyə davam etməyə sövq edən beynin mexanizmini işə salırıq. Mütəxəssislərin qənaətinə görə, yeməkdən sonra şirniyyata yer tapmaq ziddiyyətli davranış deyil. Bu, insan bədəninin tamamilə normal və incə mexanizmlərlə işləyən xüsusiyyətidir.

Şahnigar Əhmədova, "İki sahil"