30 dekabr 2025 09:44
146

Bu gün həmrəyliyimiz yeni bir mərhələyə qədəm qoyub

Tarix sübut etmişdir ki, bir millətin ən böyük silahı onun birliyi və sarsılmaz həmrəyliyidir. Azərbaycan xalqı üçün "həmrəylik" anlayışı illər keçdikcə sadəcə bir termin olmaqdan çıxıb, milli kimliyimizin və dövlətçilik tariximizin onurğa sütununa çevrilmişdir. Bu gün biz zəfərlərimizdən qürurla bəhs ediriksə, bunun təməlində məhz milyonlarla ürəyin eyni amal uğrunda döyünməsi dayanır.

31 dekabr tarixi təqvimlərimizdə xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımızı ortaq bir amal ətrafında birləşdirdi. Bu həmrəylik bizə mənəvi körpülər qurmağı, sərhədləri aşan bir sevgi ilə Vətənə bağlı olmağı öyrətdi.

Dahi şəxsiyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli birliyi təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütdü. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, onların məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi bu siyasətin prioritet istiqamətlərini təşkil etdi. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş Ümummilli Liderimiz xarici ölkələrə çoxsaylı səfərlərində diasporumuzun nümayəndələri ilə görüşlər keçirib, onların problem və qayğıları ilə yaxından maraqlandı. Ulu Öndər Heydər Əliyevin tükənməz səyləri nəticəsində azərbaycançılıq milli ideologiyamıza çevrildi, cəmiyyətimizdə həmrəyliyə nail olundu, dünya azərbaycanlıları vahid ideya ətrafında birləşdilər. Dahi rəhbər hər zaman məhz milli birlik sayəsində xalqımızın Qarabağ kimi ağır problemdən qurtuluşunun mümkünlüyünü də xüsusi vurğulayırdı. 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında Prezident Heydər Əliyev nitqini, "Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!", - deyə xoş arzularla bitirərək, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin təmin olunmasının vacibliyinə diqqət çəkmişdi. Dahi şəxsiyyət xalqımızın, dövlətimizin xoş gələcəyinin milli həmrəyliyimiz, azərbaycançılıq ideyası ətrafında birləşməyimiz sayəsində mümkün olacağına işarə vuraraq bu birliyə nail olmağa çağırış etmişdi. Həmin qurultayda Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xüsusilə də Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri başlıca vəzifə olaraq qarşıya qoyulmuşdu.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən milli həmrəylik günü birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Ötən müddət ərzində Azərbaycan dövlətinin həmrəyliyimiz, milli maraqlar uğrunda təşkilatlanmağımız istiqamətində gördüyü sistemli və müstəsna əhəmiyyətli işlər uğurlu bəhrəsini verdi. Azərbaycan xalqı birliyinin təntənəsini Vətən müharibəsində qürurla yaşadı. Azərbaycanın son illərdə qazandığı tarixi qələbələr həmrəyliyin ən bariz nümunəsidir. 44 günlük Vətən müharibəsində xalq-ordu-dövlət birliyi bir "Dəmir Yumruq" kimi birləşərək işğala son qoydu. Bu zəfər göstərdi ki, siyasi baxışından, yaşadığı məkandan və sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı Vətən mövzusu gələndə tək bir yumruğa çevrilməyi bacarır. Zəfərə gedən yol məhz bu sarsılmaz inamdan və bir-birimizə olan güvəndən keçdi. 2022-ci il aprelin 22-23-də dünya azərbaycanlıları Zəfər qurultayı kimi fəxarətli titula sahib V qurultaylarını Qarabağda, mədəniyyət paytaxtımız Şuşada keçirdilər. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi qurultayda dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini  dünyaya bəyan etdilər. 

Bu gün həmrəyliyimiz yeni bir mərhələyə qədəm qoyub. Artıq biz işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması, dirçəldilməsi naminə birləşirik. Hər bir yeni tikilən bina, açılan yol və bərpa olunan abidə bizim gələcəyə olan həmrəy baxışımızın nəticəsidir. Zəfər qazanmaq nə qədər çətindirsə, onu qorumaq və bu zəfəri tərəqqiyə çevirmək bir o qədər məsuliyyətlidir.

Həmrəylik bizim dünənimiz, bu günümüz və parlaq sabahımızdır. Bu birlik ruhunu qorumaq hər birimizin vətəndaşlıq borcudur. Çünki zəfər yalnız həmrəy olanların qismətidir!

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı