27 dekabr 2025 14:26
113

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ər-Riyadda qeyd edilib

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları və Səudiyyə Ərəbistanında yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Çıxış edən səfir Mütəllim Mirzəyev Həmrəylik Gününün xalqımızın milli birlik və milli kimlik tarixində mühüm yer tutduğunu diqqətə çatdırıb, bu günün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları ortaq milli dəyərlər və Vətən sevgisi ətrafında birləşdirdiyini vurğulayıb.

Həmrəylik Gününün təsis edilməsinin tarixinə toxunan səfir onun Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının təşkilatlanması, bir amal ətrafında birləşməsi və milli maraqlarımızın qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdırıb. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Səfir, həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı arasında münasibətlərin möhkəmlənməsində bu ölkədə yaşayan Azərbaycan icmasının mühüm rol oynadığını nəzərə çatdırıb.

Tədbirdə çıxış edən riyaziyyat elmləri doktoru, Kral Səud Universitetinin professoru Mübariz Qarayev səfirliyin Səudiyyə Ərəbistanında yaşayan azərbaycanlıların birliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.