Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.
“İki sahil” xəbər verir ki, NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar, tələbələr və qonaqlar iştirak ediblər. Tədbir öncəsi foyedə universitet əməkdaşlarının fəaliyyətini əks etdirən, süni intellekt texnologiyaları əsasında hazırlanmış karikatura sərgisinə baxış keçirilib.
Bayram tədbiri Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitet kollektivini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Rektor milli birlik və həmrəyliyin Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olduğunu vurğulayıb. Bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsində ali təhsil müəssisələrinin mühüm rol oynadığını qeyd edib. Elbrus İsayev bildirib ki, 2025-ci il Naxçıvan Dövlət Universiteti üçün mühüm nailiyyətlərlə yadda qalıb. Universitet il ərzində elm, təhsil və mədəniyyət sahələrində əldə etdiyi uğurlarla həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib. Rektor bu uğurların müəllim və tələbə kollektivinin birgə fəaliyyəti nəticəsində əldə olunduğunu vurğulayaraq hər kəsə təşəkkür edib və yeni ildə universitet kollektivinə uğurlar arzulayıb.
Sonra Naxçıvan Dövlət Universitetinin 2025-ci ildəki uğurlarını və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Bayram proqramı çərçivəsində Türk dünyasında Yeni ilin simvolu sayılan Ayaz Ata və Qarlı qızın iştirakı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə NDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Əziz Qasımov kollektivə bayram təbriklərini çatdırıb, universitetdə sağlam iş mühitinin yaradılması və əməkdaşların sosial rifahının daim diqqətdə saxlanıldığını qeyd edib.
Bayram proqramı NDU-nun Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin təqdim etdiyi Yeni il flaşmobu ilə davam edib. Sonra NDU-nun nəzdində Beynəlxalq Kembric Məktəbinin I və II sinif şagirdlərindən ibarət yeni yaradılmış “Singing Stars” adlı xor kollektivi çıxış edib. Universitetin professor-müəllim heyətinin nümayəndələri kollektivin bayramını təbrik edib, Naxçıvan Dövlət Universitetinin əldə etdiyi uğurlardan danışıblar.
Tədbirin bədii hissəsi universitetin “Gənclik” instrumental ansamblının ifaları, tələbə-teatr studiyasının pantomim tamaşası, fakültə dekanlarının qarşılıqlı təbrikləri və Yeni il hədiyyələrinin təqdimatı ilə davam edib. “NDU KVN” komandasının çıxışı, İncəsənət fakültəsinin tələbələrindən ibarət “Band” qrupunun “Yeni il” mahnısı tədbirə xüsusi rəng qatıb.
Tədbir “Zamana səyahət” adlı bədii hissə ilə davam edib, NDU-nun nəzdində Naxçıvan Tibb Kollecinin tələbələrinin təqdimatında xoreoqrafik kompozisiya nümayiş olunub.
Bayram tədbiri NDU-nun nəzdində Naxçıvan Dövlət Texniki Kollecin təqdimatında milli dəyərlərimizi yaşadan “Yallı” rəqsi ilə yekunlaşıb.
Daşkənddə "Mədəniyyət gücümüzdür - həmrəylik birliyimizdir" adlı bayram tədbiri keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında uşaqlar üçün Yeni il şənliyi keçirilib - FOTO